Moldovada qanunsuz silahın tanınmamış Dnestryanıdan ölkəyə daxil olduğunu istisna etmirlər
Moldovada qanunsuz silahın tanınmamış Dnestryanıdan ölkəyə daxil olduğunu istisna etmirlər – bu haqda ölkənin daxili işlər naziri Daniela Misail-Nikitin deyib.
Nazir bildirib ki, gömrükdə döyüş sursatı qaçaqmalçılığı qeydə alınan ilk haldır.
“Bu silah və döyüş sursatı ölkəyə partiya şəklində daxil olurdu. Nəzərə almaq vacibdir ki, qonşu ölkədə müharibə gedir və bu, Moldovada bu cür əşyaların olması riskini artırır. Bu, həqiqətən də ilk belə haldır” – Nikitin deyib.
O bildirib ki, Moldova sərhəd nəzarəti mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi üzərində işləməlidir. Onun bəyanatına əsasən, hakimiyyət orqanları silahın ölkəyə necə daxil ola biləcəyi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir.
“Sərhədin konstitusiya orqanları tərəfindən idarə olunmayan bir hissəsi var. Əlbəttə, silah bu hissədən ölkəyə daxil ola bilərdi. Mən Ukrayna ilə Dnestryanının sol sahil bölgəsi arasındakı hissəni nəzərdə tuturam. Ukraynada müharibəyə görə ölkənin sərhəd xidməti qismən hərbi əməliyyatlarda iştirak edir və sərhəd nəzarəti daha az sərtdir” – nazir qeyd edib.
Xatırladaq ki, Moldova vətəndaşının idarə etdiyi döyüş sursatı daşıyan yük avtomobilini noyabrın 20-də Rumıniyaya daxil olarkən saxlayıblar. Bu iş üzrə Moldovada dörd nəfəri saxlayıblar. Beşinci şübhəli yəni yük avtomobilinin sürücüsünü Rumıniyada saxlayıblar. Moldova Baş Prokurorluğunun məlumatına əsasən, aşağıdakı əşyalar maddi sübut kimi tanınıb: döyüş sursatının 18 komponenti, döyüş sursatının səkkiz tam elementi, yer-hava tipli buraxılış qurğusu və “Geran 2” tipli dron.