Moldova Baş naziri istefa verib – Vəzifəmi prinsiplərimə uyğun yerinə yetirə bilməyəcəyimi anladıqda, getməyə qərar verdim
Moldova Baş naziri Alexandru Munteanu vəzifəsindən istefa verib.
Munteanu sosial şəbəkədə yazaraq bildirib ki, baş nazir vəzifəsini bu gündən etibarən rəsmi olaraq tərk edir.
“Böyük məsuliyyət və dəyişikliklərə töhfə vermək inamı ilə baş nazir vəzifəsini qəbul etmişdim. Lakin başa düşdükdə ki, öz prinsiplərim və baxışlarıma uyğun olaraq vəzifəmi artıq yerinə yetirə bilmirəm, getmək qərarı verdim”, – deyə o bildirib.
O, hökumət komandasına əməkdaşlığa görə təşəkkür edib və gələcəkdə də ölkəyə xidmət edəcəyini vurğulayıb.
“Harada olmağımdan asılı olmayaraq – istər dövlət, istərsə də özəl sektorda – ölkəmə xidmət etməyə davam edəcəyəm”, – deyə Munteanu qeyd edib.
Məlumata görə, istefanın son günlər Moldovada baş verən korrupsiya qalmaqalları ilə əlaqəli ola biləcəyi bildirilir. Bunlara MOLDATSA aviasiya təhlükəsizliyi agentliyinin rəhbəri ilə bağlı saxta diplom və pilot sertifikatı qalmaqalı, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibinin rüşvət şübhəsi ilə saxlanılması daxildir.
Alexandru Munteanu 2025-ci ilin payızından etibarən Moldovanın baş naziri vəzifəsini icra edirdi.