Möhtərəm Şio Muciri - Tanrı bizə İkinci İlianın şəxsiyyətinin əhəmiyyətini və böyüklüyünü göstərdi, bu günlərdə Gürcüstanda gördüklərimizi həvari zəhmətinin təzahüründən başqa bir şey adlandırmaq olmaz
Patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio (Muciri) Sioni patriarxlıq məbədində liturgiya keçirib, bundan sonra da ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın ruhunun yad edilməsi üçün dini mərasim keçirilib.
Möhtərəm Şionun sözlərinə əsasən, bu günlərdə Tanrı bizə İkinci İlianın şəxsiyyətinin əhəmiyyətini və böyüklüyünü göstərdi.
“Bu gün Müqəddəs Misirli Məryəm anaya dua edək ki, onun nümunəsinə baxaraq biz də onu təqlid edək və Kilsənin bu böyük çağırışına cavab verə bilək, bu da bizim məqsədimizdir və biz inamımızdan – xeyirə olan inamımızdan, Tanrıya olan inamımızdan və insana olan inamımızdan heç vaxt vaz keçməməliyik. Bunun nümunəsi isə bu müqəddəs məbəddə uyuyan və imanı açıq şəkildə etiraf etmə zəhməti ilə Tanrıya, vətənə və insana olan sədaqətini sübut etmiş bizim böyük Katolikos-Patriarxımız, ümumi Gürcüstanın Katolikos-Patriarxı Ambrosi Xelaiadır. Onun lütfü və duaları da bizə kömək olsun. Və bu gün yenə də biz həzrətlərini, bizim əziz Katolikos-Patriarxımızı, öndərimizi İkinci İlianı yada salırıq, onun ruhunun yad edilməsi üçün biz indi dini mərasim keçirdik. O, da Tanrının bizə bəxş etdiyi əsas dəyərləri, əsas xəzinələri bizə çatdıran ulu əcdadlarımızın, patriarxlarımızın böyük varisidir. Bu günlərdə Tanrı bizə şəxsiyyətinin əhəmiyyətini və böyüklüyünü göstərdi, ona görə də çoxumuz Katolikos-Patriarx İkinci İlianın zəhmətinin həqiqətən həvari olduğunu deyəndə və vurğulayanda yanılmadıq. Bu günlərdə Gürcüstanda gördüklərimizi həvari zəhmətinin və xidmətinin təzahüründən başqa bir şey adlandırmaq olmaz. Və Rəbb bu möcüzəni, öz əli ilə möcüzəni göstərdi və bütün Gürcüstanın, bizim, hər kəsin qəlbini ona minnətdarlıq və kədər bildirməyə sövq etdi” – Möhtərəm Şio xütbəsində deyib.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişdi. İkinci İlianı martın 22-də Sioni məbədində dəfn etdilər.