Mobillik (transfer) etmək istəyən tələbələr üçün qeydiyyat 24 avqustdan başlayacaq
2026–2027-ci tədris ilinin payız semestri üzrə mobillik (transfer) çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün qeydiyyat 24 avqustdan başlayacaq.
Təhsil İdarəetmə İnformasiya Sisteminin məlumatına görə, mobillik etmək istəyən tələbələr qeydiyyatı students.emis.ge elektron portalı vasitəsilə 8 sentyabr saat 18:00-dək həyata keçirə biləcəklər.
Məlumata əsasən, müsabiqə iştirakçıları qeydiyyat zamanı maksimum beş təhsil proqramı seçə biləcəklər. Eyni zamanda, qeydiyyat müddəti bitənədək seçilmiş proqramların prioritetini müəyyənləşdirmək, eləcə də ərizədə göstərilən məlumatları dəyişmək və redaktə etmək imkanı olacaq.
Qeyd olunur ki, mobillik prosesinin hazırlıq mərhələsi 17–27 iyul tarixlərində keçiriləcək. Bu dövrdə ali təhsil müəssisələri sistemə müvafiq proqramlar üzrə mobillik çərçivəsində qəbul üçün ayrılan yerlər barədə məlumat təqdim etməlidirlər. Bu məlumatlar əsasında sistem mobillik müsabiqəsində iştirak edən proqramların və boş yerlərin yekun siyahısını dərc edəcək.
Təhsil İdarəetmə İnformasiya Sistemi tələbələri və ali təhsil müəssisələrini mobillik prosesinin mərhələləri, müddətləri və şərtləri ilə diqqətlə tanış olmağa çağırıb. Detallı məlumatların mərhələli şəkildə rəsmi sayt və sosial şəbəkələr vasitəsilə paylaşılacağı bildirilib.