Milli Şərab Agentliyinin məlumatına görə, hazırda Kaxetidə 100 min tona yaxın üzüm emal edilib

12:11, 28.09.2026

Kaxetidə üzüm məhsulunu 7 minədək üzümçü təhvil verib. Hazırda emal olunan 100 min ton üzümdən 70 min tona qədəri yüksək kondisiyalı və keyfiyyətlidir. Bütün məhsulun cəmi 0,7 faizi keyfiyyətsiz və yetişməmiş üzümdür. Bu barədə Milli Şərab Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Kaxetidə üzüm yığımı pik mərhələdədir. Son sutka ərzində 14 min tona yaxın üzüm emal olunub.

Dövlət müəssisəsi olan “Məhsulun İdarə Edilməsi Şirkəti” üzümçülərdən üzümləri 22 məntəqədə qəbul edir.

Üzüm yığımının təşkilatlanmış şəkildə keçirilməsi və məhsulun tam realizə olunması məqsədilə Gürcüstan hökumətinin qərarına əsasən, məhsulun artıqlığı yaranacağı təqdirdə bütün üzümçülərin öz məhsullarını təhvil vermək imkanı olacaq.

Bu məqsədlə “Məhsulun İdarə Edilməsi Şirkəti” Kaxetidə yetişdirilən üzümləri fiziki şəxslərdən müəyyən edilmiş şərtlərlə qəbul edir:

Saperavi üzümünün şəkərliliyi ən azı 20 faiz olduqda 1 kiloqramının qiyməti 1,50 lari, 16–20 faiz olduqda 1 lari, 16 faizdən aşağı olduqda isə 50 tetri təşkil edir.

Rkatsiteli və digər şərablıq üzüm növləri üçün şəkərlilik ən azı 19 faiz olduqda qiymət 1,30 lari, 16–19 faiz olduqda 90 tetri, 16 faizdən aşağı olduqda isə 50 tetri müəyyən edilib.

Üzümün təhvil verilməsi prosesini Qurcaani şəhərində yerləşən üzüm yığımı üzrə koordinasiya qərargahı əlaqələndirir.

Üzüm yığımı ilə bağlı məlumatları 1501 və 032 2 19 37 18 qaynar xətt nömrələri vasitəsilə əldə etmək mümkündür.

Oxşar