Milli Qida Agentliyi Zuqdididə içməli su və limonad istehsalı müəssisəsində kritik uyğunsuzluqlar aşkar edib
Milli Qida Agentliyinin Sameqrelo-Zemo Svaneti departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində Zuqdididə içməli su və limonad istehsal edən “Anaklia” MMC-ni (ünvan: Zuqdidi şəhəri, Qriboyedov küçəsi 77) plandankənar yoxlayıblar.
Milli Qida Agentliyinin məlumatına görə, yoxlama zamanı kritik uyğunsuzluqlar, o cümlədən gigiyena normalarının kobud şəkildə pozulması və infrastruktur problemləri aşkarlanıb. Həmçinin etiketləmə qaydalarının pozulması və vaxtı keçmiş məhsulların satışa çıxarılması halları qeydə alınıb.
Agentlik bildirir ki, qanunvericiliyə uyğun olaraq biznes operatoru cərimələnib və müəssisənin istehsal prosesi dayandırılıb.
Milli Qida Agentliyi istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin qorunması məqsədilə bütün ölkə ərazisində dövlət nəzarəti həyata keçirir.