Milli Qida Agentliyi – Uşaq bağçalarından götürülən 129 heyvan mənşəli və qeyri-heyvan mənşəli qida nümunəsində pozuntu aşkarlanmayıb

14:48, 25.09.2026

Milli Qida Agentliyinin məlumatına görə, uşaq bağçalarından götürülən heyvan və qeyri-heyvan mənşəli 129 qida nümunəsində heç bir pozuntu aşkarlanmayıb.

“Laborator müayinə məqsədilə uşaq bağçalarından heyvan və qeyri-heyvan mənşəli qida nümunələri götürülüb. Bunlara meyvə-tərəvəz, süd məhsulları – pendir, süd tozu, ultra-pasterizə olunmuş içməli süd, kərə yağı və xama, həmçinin ət və ət məhsulları – mal əti və toyuq əti, eləcə də dənli bitkilər daxildir.

Laborator yoxlamalar ağır metallar, nitratlar, mikrobioloji göstəricilər və patogenlər – aerob mikroorqanizmlər, koliform bakteriyalar, salmonella, şigella və koaqulaza-müsbət stafilokok kimi göstəricilər üzrə aparılır.

Hazırda uşaq bağçalarından götürülmüş heyvan və qeyri-heyvan mənşəli 129 qida nümunəsi müayinə olunub. Laborator araşdırmaların nəticələrinə əsasən, yoxlanılan bütün nümunələr müəyyən edilmiş standartlara və təhlükəsizlik normalarına tam cavab verir. Heç bir halda pozuntu aşkarlanmayıb.

Tbilisidəki uşaq bağçalarında uşaqlar arasında norovirusun səbəb olduğu qastroenterit halları ilə əlaqədar Milli Qida Agentliyi dərhal kompleks araşdırmaya başlayıb.

Agentliyin yoxlama qrupları 70-ə yaxın obyekti – dövlət uşaq bağçalarını, ət istehsalı müəssisəsini və süd məhsulları anbarını yoxlayıb. Laborator müayinələr üçün ümumilikdə müxtəlif növ qida məhsulları və içməli sudan 694 nümunə götürülüb. Onların müayinəsinin nəticələri mərhələli şəkildə açıqlanacaq”, – deyə Milli Qida Agentliyinin yaydığı məlumatda bildirilir.

Ötən həftə Tbilisidə yerləşən 20 uşaq bağçasında 55 uşağın və bir tərbiyəçinin intoksikasiya əlamətləri göstərdiyi barədə məlumat yayılmışdı. Onlar tibbi yardım üçün Tbilisidəki altı tibb müəssisəsinə müraciət etmişdilər.

Daha sonra səhiyyə naziri bildirib ki, intoksikasiya əlamətləri ilə 100-dən çox uşağın xəstəxanaya yerləşdirilməsi zərurəti yaranıb. Nazir bununla yanaşı, heç bir ağırlaşma halının və ya gözlənilən riskin olmadığını qeyd edib.

İstintaq Xidməti uşaq bağçalarında intoksikasiya faktı ilə bağlı sentyabrın 18-də araşdırmaya başlayıb.

Oxşar