Milli Qida Agentliyi "Street Food 125" dönərxanasının məhsulunda salmonella aşkarlayıb və istehsal prosesini dayandırıb
Tbilisi Şəhər Xidmətinin təftiş qrupu “Street Food 125” dönərxanasında (ünvan: Tbilisi şəh., Mtkvari küç. N1) dövlət nəzarəti həyata keçirib və salmonella aşkarlayıb. Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.
Qurumun məlumatına əsasən, yoxlama zamanı müfəttişlər salmonella üzrə tədqiqat məqsədilə 5 nümunə götürüblər və akkreditə olunmuş laboratoriyada tədqiq ediblər. Tədqiq edilmiş beş nümunənin hamısında patogen mikroorqanizm – salmonella aşkarlanıb.
“Nəticədə “Street Food 125” dönərxanasında plandankənar təftiş aparılıb və təftiş çərçivəsində həmçinin kritik uyğunsuzluqlar aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq obyekt cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb. Bununla yanaşı, izləmə yolu ilə “Street Food 125″i ət ilə təmin edən şirkət müəyyən edilib. Salmonella üzrə tədqiqat məqsədilə donuz ətindən nümunələr götürülüb və onun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək” – Milli Qida Agentliyi tərəfindən yayılmış bəyanatda deyilir.