Milli Qida Agentliyi – Rustavidə sahibsiz itin quduzluğa yoluxması təsdiqlənib, itlə təmasda olan şəxslərin müəyyən edilməsi vacibdir

21:21, 20.10.2026

 

Milli Qida Agentliyi Rustavidən Tbilisiyə, baytarlıq klinikasına aparılan və orada tələf olan sahibsiz it barədə məlumat alıb. Milli Qida Agentliyi bununla bağlı məlumat yayır.

“Vətəndaşın izahatına əsasən, o, iti oktyabrın 8-də Rustavi şəhərində, Leonidze parkında tapıb və elə həmin gün klinikalardan birinə, daha sonra isə başqa bir klinikaya aparıb. Eyni zamanda, sosial şəbəkə və mediada itkin düşmüş it haqqında məlumat yayılırdı.

Kənd Təsərrüfatı Dövlət Laboratoriyasında aparılan tədqiqat nəticəsində itin patoloji materialında quduzluq xəstəliyi təsdiqlənib (sınaq protokolu №10367/1).

Milli Qida Agentliyi Rustavi şəhərinin əhalisini – sentyabrın 30-dan oktyabrın 9-dək olan dövrdə Rustavi şəhərində, Leonidze parkında və ətraf ərazidə boynuna ip bağlanmış qara itlə təmasda olan hər kəsi məsləhətləşmə və sonrakı tədbirlərin müəyyən edilməsi üçün dərhal müvafiq səhiyyə xidməti və ya tibb müəssisəsinə müraciət etməyə çağırır” – məlumatda qeyd olunub.

Agentliyin məlumatına əsasən, onlarla insan, o cümlədən Rustavi və Tbilisinin baytarlıq klinikalarının (klinikalar: “Zooplaza” – Tbilisi, Kostava küçəsi; “Vethouse” – Mitskeviçi küçəsi 70; Rustavi – “Vet City”) işçiləri quduz itlə təmasda olub və onlar artıq tibb müəssisəsinə müraciət ediblər.

“Qeyd olunan klinikalarda dezinfeksiya işləri və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər həyata keçirilib.

Xahiş edirik, anlayış göstərin və vaxtında rabioloqa müraciət edin. Öz həyatınızı və ətrafınızdakıların həyatını qoruyun! Qaynar xətt – 1501” – məlumatda qeyd olunur.

Oxşar