Milli Qida Agentliyi - Dedoplistsğaro Munisipalitetində itin quduzluğa yoluxması halı qeydə alınıb, yoluxma mənbəyi canavardır
Dedoplistsğaro Munisipalitetində qış otlağındakı fermada itin quduzluğa yoluxması halı qeydə alınıb. Bu barədə bəyanatı Milli Qida Agentliyi yayır.
Bəyanata əsasən, yoluxma mənbəyi canavardır.
“Laboratoriya tədqiqatı nəticəsində, itin quduzluğa yoluxması halı mayın 20-də təsdiqlənib. Həmçinin, yoluxma mənbəyinin canavar olduğu müəyyən edilib. Milli Qida Agentliyi xəstəliyin ocağında karantin tədbirləri həyata keçirir, bu isə məcburi peyvəndləmə, heyvanların hərəkətinin məhdudlaşdırılması, dezinfeksiya və heyvanlara baytarlıq nəzarətinin həyata keçirilməsi deməkdir. Hadisə barədə aidiyyəti səhiyyə qurumlarına məlumat verilir.
Quduzluq həm ev, həm də vəhşi heyvanların, eləcə də insanların yoluxduğu təhlükəli zoonoz xəstəlikdir. İnfeksiya xəstə heyvanla təmasla (dişləmə, cırmaqlama) yayılır. Klinik əlamətlər ortaya çıxdıqdan sonra xəstəlik letal sonluqla nəticələnir. Heyvanlarda quduzluğun qarşısını almaq peyvəndləmə ilə mümkündür.
Milli Qida Agentliyi hər il quduzluğa qarşı pulsuz peyvəndləmə aparır və 300 minə qədər heyvanı peyvənd edir. Agentlik əhalini heyvanların quduzluğa yoluxmasının qarşısını almaq və öz həyatlarına təhlükə yaratmamaq üçün ev heyvanlarına (it, pişik) vaxtında peyvənd vurdurmağa çağırır” – Milli Qida Agentliyinin bəyanatında deyilir.