Milli Qida Agentliyi – bölgələrdə sahibli itlərin qapı-qapı prinsipi ilə pulsuz çiplənməsi və peyvəndlənməsinə başlanılıb
Bölgələrdə sahibli itlərin qapı-qapı prinsipi ilə pulsuz çiplənməsi və peyvəndlənməsinə başlanılıb. Bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, baytarlar bölgələrdə qapı-qapı gəzərək sahibli itlərin pulsuz identifikasiyasını, yəni çiplənməsini və quduzluğa qarşı peyvəndlənməsini həyata keçirirlər. Paralel olaraq, əhali ilə maarifləndirici görüşlər də keçirilir.
Milli Qida Agentliyinin rəhbər müavini Aleksandre Zurabişvili sahibli itlərin çiplənməsi prosesi ilə Qurcaani bələdiyyəsində tanış olub. O bildirib ki, proses bütün bölgələri əhatə edir və bu, heyvanların küçəyə atılmasının qarşısının alınmasına xidmət edəcək.
Bölgələrdə sahibli itlərə çiplənmə, peyvəndləmə və sterilizasiya pulsuz həyata keçirilir.
Baytarlıq prosedurları həm stasionar, həm mobil klinikalarda, həm də sahə şəraitində aparılır. Bu işləri tender nəticəsində seçilmiş özəl baytarlıq müəssisələri həyata keçirir. Milli Qida Agentliyinin baytarları isə prosesə daim nəzarət edir ki, prosedurlar bütün standartlara uyğun həyata keçirilsin.
Hiperpopulyasiyanın idarə olunması proqramı sahibsiz, himayəyə götürülmüş və sahibli itlərin identifikasiyası və qeydiyyatı, peyvəndlənməsi, sterilizasiyası və kastrasiyasını nəzərdə tutur. Bu tədbirlərin heyvan xəstəliklərinin yayılmasının azalmasına, heyvanların rifahının yaxşılaşdırılmasına və cəmiyyət üçün daha təhlükəsiz mühitin yaradılmasına töhfə verəcəyi gözlənilir.
Proqramın mümkün qədər əlçatan olması üçün tədbirlərin keçirilmə qrafiki əvvəlcədən Facebook platformasında yayımlanır. Həmçinin heyvan sahibləri və maraqlanan şəxslər yerli bələdiyyələrə müraciət edə bilərlər.