Milli Qida Agentliyi Abaşada və Samtrediyada baytarlıq nəzarəti olmadan heyvan kəsimi faktlarını aşkarlayıb
Milli Qida Agentliyi Abaşada və Samtrediyada baytarlıq nəzarəti olmadan heyvan kəsimi faktlarını aşkarlayıb

Milli Qida Agentliyinin müfəttişləri Abaşada və Samtrediyada baytarlıq nəzarəti olmadan heyvan kəsimi faktlarını aşkarlayıblar. Bu barədə məlumatı agentlik yayıb.

Onların məlumatına görə, Abaşada mövcud olan qeyri-leqal kəsim məntəqəsində yerində aşkar edilmiş şübhəli mənşəli ət möhürlənib, fiziki şəxs qanunvericiliyə uyğun olaraq cərimələnib.

“Sameqrelo departamenti tərəfindən həyata keçirilmiş dövlət nəzarəti nəticəsində müəyyən edilib ki, fiziki şəxs C.X. (ünvan: Qamsaxurdia küç. N116, Abaşа) sonrakı satış məqsədilə, özbaşına şəkildə, rəsmi kəsim məntəqəsindən yan keçərək, sanitariya-gigiyena normalarını kobud şəkildə pozaraq və qida təhlükəsizliyi ilə bağlı mövcud tələbləri nəzərə almadan heyvan kəsib; yerində aşkar edilmiş şübhəli mənşəli ət möhürlənib, fiziki şəxs qanunvericiliyə uyğun olaraq cərimələnib.

İmereti departamentinin müfəttişləri fiziki şəxs N.T.-yə məxsus qeyri-leqal kəsim məntəqəsində (ünvan: Didgori 3-cü keçid #17, Samtredia) kritik və qeyri-kritik uyğunsuzluqlar aşkar ediblər. Obyekt agentlik tərəfindən verilmiş məcburi tanınma və iqtisadi fəaliyyətlər reyestrində qeydiyyat olmadan fəaliyyət göstərib, buna görə də cərimələnib və istehsal prosesi dayandırılıb.

Baytarlıq nəzarəti olmadan heyvan kəsimi insan sağlamlığı və həyatı üçün təhlükə yaradır, zoonoz xəstəliklərin (qarayara, bruselyoz və s.) yayılması və zəhərlənmə riskini artırır. Agentlik bir daha fiziki şəxslərə xəbərdarlıq edir ki, heyvanı özbaşına, kustar üsulla təşkil olunmuş kəsim məntəqəsində kəsməsinlər”, – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.