Milli Meşə Agentliyinin əməkdaşları iyun ayında meşə qanunvericiliyinin pozulması ilə bağlı 72 fakt aşkarlayıblar

12:18, 07.07.2026

Milli Meşə Agentliyinin əməkdaşları cari ilin iyun ayında meşə qanunvericiliyinin pozulması ilə bağlı 72 fakt aşkarlayıblar. Onlardan 57-si ağacın qanunsuz kəsilməsi, o cümlədən daşınması hallarıdır.

Ümumilikdə qanunsuz əldə edilmiş müxtəlif növ 39 kubmetrə yaxın oduncaq və tikinti materialı kimi istifadə olunan ağac materialı müsadirə edilərək Milli Meşə Agentliyinin xüsusi saxlanc məntəqələrinə yerləşdirilib.

Ölkə üzrə qanunsuz ağackəsmə faktlarından 8-i İmereti, 15-i Samtsxe-Cavaxeti, 3-ü Raça-Leçxumi və Kvemo Svaneti, 10-u Kvemo Kartli, 12-si Mtsxeta-Mtianeti, 5-i Quriya, 8-i Sameqrelo-Zemo Svaneti, 8-i Kaxeti, 3-ü isə Şida Kartli bölgəsində qeydə alınıb.

Aşkarlanan qanun pozuntularından 5-i cinayət tərkibi əlamətləri daşıdığından, materiallar əlavə araşdırma aparılması üçün müvafiq istintaq orqanlarına göndərilib.

Bununla yanaşı, İmereti, Mtsxeta-Mtianeti, Samtsxe-Cavaxeti, Kaxeti və Sameqrelo-Zemo Svaneti bölgələrində dövlət meşə fondunun özbaşına zəbt olunması ilə bağlı 14 fakt müəyyən edilib. Mtsxeta-Mtianeti bölgəsində isə qeydiyyatsız fəaliyyət göstərən bir mişar sexi aşkarlanıb.

Milli Meşə Agentliyinin məlumatına görə, cari ilin ilk altı ayı ərzində ölkə üzrə ağacın qanunsuz kəsilməsi ilə bağlı ümumilikdə 391 fakt qeydə alınıb.

Oxşar