Milli Kino Mərkəzi “Oskar” mükafatında Gürcüstanı Levan Koqhuaşvilinin “Quriya” filmi ilə təmsil edəcək
Gürcüstanın Milli Kinematoqrafiya Mərkəzi Amerika Kino Akademiyasının „Oskar“ mükafatında ölkəni rejissor Levan Koqhuaşvilinin „Quriya“ filmi ilə təmsil edəcək. Film „Beynəlxalq tammetrajlı film“ nominasiyasında təqdim olunacaq.
Gürcüstan Milli Kino Mərkəzinin elan etdiyi müsabiqədə beş film iştirak edib: rejissor Giorgi Ovaşvilinin „Ay mənim atamdır“ filmi, prodüseri „Vagoneti“ şirkəti; rejissor Nino Basilianın „Faza“ filmi, prodüseri „NB Studio“; rejissor Nikoloz Xomasuridzenin „Sevgini paylaş“ filmi, prodüseri „Nikolozfilms“; rejissor Ana Uruşadzenin „İkinci dərəcəli rol“ filmi, prodüseri „Zazafilms“; həmçinin rejissor Levan Koqhuaşvilinin „Quriya“ filmi, prodüseri „Kino Iberika“.
Film Milli Kino Mərkəzinin Proqramlar direktoru Levan Dvalinin rəhbərlik etdiyi komissiya tərəfindən gizli səsvermə yolu ilə seçilib.
Gürcüstanın „Oskar“a təqdim olunacaq namizəd filminin seçim nümayişləri Gürcüstan Milli Arxivinin dəstəyi ilə keçirilib. Levan Koqhuaşvilinin filminin dünya premyerası Venesiya Beynəlxalq Film Festivalında baş tutacaq.
„Quriya“ filmi yeddi ölkənin – Gürcüstan, İsveçrə, Lüksemburq, Bolqarıstan, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının birgə istehsalıdır.
Milli Kino Mərkəzinin məlumatına görə, gürcü filmi Amerika Kino Akademiyasının ən yüksək mükafatına ilk dəfə ölkənin müstəqilliyini bərpa etməsindən əvvəl təqdim olunub. Giorgi Danelianın „Payız marafonu“ (1979) və Tengiz Abuladzenin „Tövbə“ (1987) filmləri ən yaxşı xarici film kateqoriyasında Sovet İttifaqının adından təqdim edilib.
Müstəqilliyin bərpasından sonra isə „Oskar“a 20-dən çox gürcü filmi təqdim olunub. Gürcüstanın ilk rəsmi təqdimatı 1996-cı ildə uğurlu olub. Nana Corcadzenin Fransa-Gürcüstan müştərək istehsalı olan „Aşiq aşpazın 1001 resepti“ filmi ən yaxşı xarici film nominasiyasında beşliyə düşərək „Oskar“ın rəsmi nominasiyasını qazanıb.