Milli Kino Mərkəzi bəyanat yayır

18:17, 20.08.2026

 

Milli Kino Mərkəzi “Gözyaşardıcı qaz” filmi ilə bağlı bəyanat yayır.

“Gözyaşardıcı qaz” filmi Milli Kino Mərkəzi tərəfindən maliyyələşdirilib və filmin istehsalı üçün prodüser şirkəti dövlət büdcəsindən 279 625 lari alıb.

Milli Kino Mərkəzinə MMC “1991 Productions” prodüser şirkətinin direktoru məktubla bildirib ki, film Lokarno Festivalının “Cineasti del Presente” bölməsində nümayiş olunacaq. Prodüser şirkəti nümayişlə bağlı Milli Kino Mərkəzinin mövqeyini bildirməsini xahiş edib.

“Gözyaşardıcı qaz” filminin tamamlanmış versiyası prodüser şirkəti tərəfindən Milli Kino Mərkəzinə təqdim edilmədiyi üçün, müəyyən olunmuş prosedurlara uyğun olaraq filmin ictimai nümayişinə razılıq verilməsi qeyri-mümkün olub.

Milli Kino Mərkəzi qeyd olunan halı 2026-cı ilin iyulun 24-də müvafiq hüquqi əsaslandırma ilə filmin prodüser şirkətinə bildirib. Həmçinin, sonrakı mümkün anlaşılmazlıqların və ya yanlış təfsirlərin qarşısını almaq məqsədilə Lokarno Kinofestivalına Milli Kino Mərkəzinin qanunvericiliyə uyğun olaraq filmin ictimai nümayişinə nə üçün razılıq verə bilmədiyi barədə şərait izah edilib.

Hər kəsə məlumdur ki, istənilən beynəlxalq kinofestival festival proqramını müstəqil şəkildə müəyyən edir və bu prosesə təsir göstərmək mümkün deyil.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, “Gözyaşardıcı qaz” filminin nümayişi 2026-cı ilin avqustun 12-də baş tutub, Milli Kino Mərkəzi isə prodüser şirkətinə məktubu 2026-cı ilin iyulun 24-də göndərib. Bu, prodüser şirkətinin tamamlanmış filmi Milli Kino Mərkəzinə təqdim etməsi və müvafiq hüquqi prosedurlara riayət etməklə ictimai nümayiş hüququnu əldə etməsi üçün tamamilə kifayət edən müddət idi” – Milli Kino Mərkəzinin bəyanatında deyilir.

Oxşar