Milli Qida Agentliyi - Heyvanların yandırılması haqda yalan ittihamlar hər cür əxlaqi həddi aşır və ictimaiyyəti yanıltmaq cəhdidir
Ölkədə itlərin hiperpopulyasiyasını idarə etmək məqsədi ilə həm heyvanların qorunmasını təmin etməli, həm də insanlar üçün təhlükə yaratmamalı olan proqram hazırlanıb – bu haqda məlumatı Milli Qida Agentliyi yayır.
Onların sözlərinə əsasən, mərhələli şəkildə həyata keçiriləcək qeyd olunan proqram itlərin quduzluğa qarşı peyvənd edilməsini, çiplərin vurulmasını, vahid məlumat bazasında qeydiyyata alınmasını və kastrasiya/sterilizasiyanı nəzərdə tutur.
“Bu, onları xəstəliklərdən qorumağa, eləcə də əhalinin təhlükəsizliyini qorumağa imkan verəcək. Hiperpopulyasiyanın idarə edilməsi proqramı hələ yalnız sınaq ərazilərində (İmereti, Kaxeti və Zuqdidi Munisipaliteti) başlayıb və müvafiq olaraq, itlərin kütləvi şəkildə yığılması haqda yayılan məlumat həqiqətə uyğun deyil. Qəti şəkildə bildiririk ki, Milli Qida Agentliyi qeyd olunmuş yerlərdən yığılmış itləri mərhələli şəkildə yığıldıqları əraziyə yaxın yerlərə qaytarır. Məktəblər, uşaq bağçaları və xəstəxanaların ərazilərindən yığılmış heyvanlar halında fərqli yanaşma tətbiq olunur. Onlar mövcud ərazilərdən uzaq yerlərə qaytarılır.
Heyvanların yandırılması haqda yayılan tamamilə əsassız və yalan ittihamlara gəlincə, bu cür yalanların tirajlanması hər cür əxlaqi həddi aşır və ictimaiyyəti məqsədyönlü şəkildə yanıltmaq cəhdidir.
Burada bəyan etmək istərdik ki, Ətraf Mühitə Nəzarət Departamentinin Şida Kartli Regional İdarəsinin əməkdaşları tərəfindən Qori şəhərində qeyri-kommersiya hüquqi şəxs Sahibsiz Ev Heyvanlarının İdarəedilməsi üzrə Şida Kartlinin Bələdiyyələrarası Agentliyinin sahibsiz ev heyvanlarının sığınacağının ərazisi operativ şəkildə yoxlanılıb. Yoxlama nəticəsində qanun pozuntusu aşkar edilməyib.
Sahibsiz Ev Heyvanlarının İdarəedilməsi üzrə Şida Kartlinin Bələdiyyələrarası Agentliyinə məxsus ərazidə yandırma məntəqəsi təşkil edilib və fəaliyyəti üçün ətraf mühitlə bağlı icazə verilib.
Ətraf mühitlə bağlı qərarın şərtlərinə uyğun olaraq, infeksiyaların yayılmasının qarşısını almaq məqsədi ilə sığınacaqda yaşayan heyvanların tibbi xidməti və onlarla əlaqəli tədqiqatlar nəticəsində yaranan tullantılar və ölmüş heyvanlar yandırma məntəqəsində utilizasiya olunur” – Milli Qida Agentliyinin məlumatında deyilir.