Milli Bank vətəndaşlara kredit verilməsi şərtlərini sərtləşdirir
2027-ci il fevralın 1-dən etibarən vətəndaşlara kredit verilməsi şərtləri sərtləşdiriləcək. Söhbət kredit ödənişinin aylıq məbləğinə limit qoyulmasını nəzərdə tutan əmsal sistemindən gedir.
Mövcud qaydalara əsasən, aylıq gəliri 1 500 laridən az olan şəxslər üçün kreditə xidmət üzrə maksimal əmsal 25 faiz, yəni 375 laridən çox olmamalıdır.
Aylıq gəliri 1 500 laridən yüksək olan şəxslər üçün isə kredit ödənişinin icazə verilən maksimal həddi gəlirin 50 faizi, yəni 750 laridir.
2027-ci il fevralın 1-dən qüvvəyə minəcək yeni qaydaya əsasən, kredit götürülməsi üzrə 25 faizlik hədd 1 500 lari əvəzinə 2 000 lari gəlirə qədər olan şəxslərə şamil ediləcək. 2027-ci il sentyabrın 1-dən etibarən isə bu hədd 2 500 lariyə qaldırılacaq.
Maliyyə Sabitliyi Komitəsinin qərarında qeyd olunur ki, kreditə xidmət əmsalının hədlərinin ilkin qiymətləndirilməsi 2017-ci ilin statistik məlumatlarına əsaslanıb. Bu göstəricilər 2022-ci ildə bir sıra iqtisadi nominal göstəricilərin artması fonunda yenilənib.
Hazırda komitə kreditə xidmət əmsalının hədlərinə yenidən baxaraq onları yeniləyib. Milli Bankın izahına görə, bu dəyişiklik borcalanların həddindən artıq borclanması riskinin azaldılmasına və maliyyə sisteminin dayanıqlığının qorunmasına kömək edəcək.
Milli Bankın Maliyyə Sabitliyi Komitəsinin hesabatında bildirilir ki, son illərdə yüksək iqtisadi artımla yanaşı, əməkhaqları və digər nominal göstəricilər əhəmiyyətli dərəcədə artıb. Nəticədə mövcud sabit hədlər borcalanların gəlirlərinin hazırkı bölgüsünü və borc yükünü artıq lazımi şəkildə əks etdirmir.
Komitənin məlumatına görə, PTI əmsalının hədlərinin dəyişdirilmədən saxlanılması halında borcalanların bir gəlir kateqoriyasından digərinə keçməsi əsasən nominal gəlirlərin artımı ilə bağlı ola bilər. Bu isə onların real ödəmə qabiliyyətində və risk profilində əhəmiyyətli dəyişiklik demək deyil.
Buna görə də hədlərin yenilənməsi PTI çərçivəsinin mövcud iqtisadi şəraitə uyğunlaşdırılmasına və makroprudensial siyasətin ilkin mövqeyinin qorunmasına xidmət edir.
Komitə dəyişikliklərin birdəfəlik kəskin təsirinin qarşısını almaq və təsiri zaman üzrə bölüşdürmək məqsədilə kreditə xidmət əmsalının həddinin mərhələli şəkildə artırılmasını məqsədəuyğun hesab edib.
Beləliklə, əvvəllər kreditə xidmət üzrə 25 faizlik tələb aylıq gəliri 1 500 lariyə qədər olan şəxslərə şamil edilirdisə, bu hədd 2027-ci il fevralın 1-dən 2 000 lariyə, 2027-ci il sentyabrın 1-dən isə 2 500 lariyə qaldırılacaq.
Milli Bankın məlumatına görə, dəyişiklik borcalanların həddindən artıq borclanması risklərinin azaldılmasına və maliyyə sisteminin dayanıqlığının təmin edilməsinə xidmət edir.