Milli Bank – Sanksiyaların 21-ci paketi çərçivəsində sanksiyaya məruz qalan, virtual aktivlərlə bağlı üç subyekt bizim tərəfimizdən tənzimlənən subyektlər deyil
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların 21-ci paketi çərçivəsində sanksiyaya məruz qalan, virtual aktivlərlə əlaqəli 14 subyektdən üçü (“Aifor” MMC, “Abcx” MMC və “Rapira Group” MMC) Gürcüstanda qeydiyyatdan keçib. Lakin onların heç biri Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən subyekt deyil. Bu barədə Gürcüstan Milli Bankının yaydığı bəyanatda bildirilib.
Milli Bankın məlumatına görə, həmin şirkətlərə qarşı aidiyyəti istintaq qurumu tərəfindən aparılan araşdırma nəticəsində sanksiyaya məruz qalan şirkətlərdən heç birinin fəaliyyət sahəsinin Gürcüstan olmadığı müəyyən edilib.
“Əlimizdə olan məlumata əsasən, həmin şirkətlərə qarşı aidiyyəti istintaq qurumu tərəfindən aparılan araşdırma nəticəsində sanksiyaya məruz qalan şirkətlərdən heç birinin fəaliyyət istiqaməti Gürcüstan olmayıb. Bununla yanaşı, onlarla bağlı əlavə istintaq tədbirlərinə başlanılıb.
Bildiririk ki, Gürcüstan Milli Bankının tənzimləyici çərçivəsi bazara daxilolma və fəaliyyət göstərilməsi üçün ciddi tələblər müəyyən edir və qanunsuz fəaliyyətlə əlaqəli subyektlər üçün mühüm filtr rolunu oynayır.
Bununla yanaşı, Milli Bank tərəfindən hazırlanmış virtual aktiv xidmət təminatçıları üçün tənzimləyici çərçivə pulların yuyulmasına qarşı mübarizə aparan Maliyyə Tədbirlərinin İşçi Qrupunun (FATF) standartlarına və ən yaxşı beynəlxalq təcrübəyə uyğundur. Bu, Avropa Şurasının ekspertlər komitəsinin (Moneyval) 2024-cü il qiymətləndirməsi ilə də təsdiqlənir.
Qiymətləndirməyə əsasən, 15-ci tövsiyə üzrə (yeni texnologiyaların tətbiqi ilə bağlı tələblərə uyğunluq və virtual aktiv xidmət təminatçılarının (VASP) fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan tövsiyə) Gürcüstanın reytinqi “əsasən uyğun” (largely compliant) təşkil edir. Eyni qiymətləndirmə, məsələn, Böyük Britaniya və Fransaya da verilib”, – deyə Milli Bankın bəyanatında qeyd olunub.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 21-ci paketini qəbul edib. Paketdə qeyd olunur ki, “Avropa İttifaqı Rusiyanın maliyyə mesajlaşma sistemi ilə əlaqəli bir Qırğızıstan bankına, eləcə də sanksiyalardan yayınmada iştirak edən digər üç xarici banka qarşı sanksiyalar tətbiq edib.
Avropa İttifaqı həmçinin Gürcüstan, Panama, Birləşmiş Ərəb Əmirlikləri, Marşal adaları, Qırğızıstan və Belarusda yerləşən kriptovalyuta ilə əlaqəli 14 platformaya qarşı əməliyyat qadağalarını genişləndirir”.
Sanksiyaların qüvvəyə minməsi üçün altı aylıq müddət müəyyən edilib.