Milli Bank mümkün “maliyyə piramidaları” ilə bağlı əhalini xəbərdar edir
Gürcüstan Milli Bankı mümkün “maliyyə piramidaları” ilə bağlı əhalini xəbərdar edir.
Milli Bankın məlumatına görə, son dövrdə sosial şəbəkələrdə və mediada kriptovalyuta aktivləri ilə ticarət yolu ilə gəlir əldə etmək məqsədilə əhalidən pul vəsaiti cəlb edən şirkətlərin bazarda fəaliyyətə başlaması ilə bağlı məlumatlar yayılır.
“Bu cür fəaliyyət “maliyyə piramidası”nın klassik modelini təşkil edə bilər. Belə sxemlərin əsas məqsədi biznesin inkişafı deyil, çoxsaylı yeni üzvlərin cəlb edilməsi və onların vəsaitlərinin toplanmasıdır. Şirkət müəyyən müddət ərzində nə qədər uğurlu görünsə də, yeni üzvlərin və ya əlavə vəsaitlərin cəlb edilməsi mümkün olmadıqda sxem mütləq dağılır və nəticədə şirkət üzvlər qarşısında öhdəliklərini yerinə yetirə bilmir.
Bütün bu tip sxemlər yüksək risk daşıyır, çünki onların dağılacağını əvvəlcədən müəyyən etmək praktiki olaraq mümkün deyil.
Gürcüstan Milli Bankı bir daha əhalini xəbərdar edir ki, vəsaitlərini investisiya etməzdən əvvəl pullarını itirmək riskindən yayınmaq üçün xüsusi diqqətli olsunlar. İlk növbədə şirkətin etibarlılığı, fəaliyyəti və ödəmə qabiliyyəti barədə əvvəlcədən məlumat toplamaq, həmçinin belə şirkətin hər hansı qurum tərəfindən tənzimlənib-tənzimlənmədiyini yoxlamaq lazımdır.
Bu cür şirkətlər vətəndaşları çaşdırmaq məqsədilə adlarında “maliyyə”, “broker”, “investisiya” və digər terminlərdən istifadə edə bilərlər. Lakin bu, avtomatik olaraq həmin şirkətin Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən və ya lisenziyalaşdırılan qurum olduğu anlamına gəlmir.
Əhaliyə müraciət edirik ki, vəsait yatırmaq qərarını yalnız etibarlı məlumatlara əsaslanaraq, mümkün riskləri araşdırdıqdan və dərk etdikdən sonra qəbul etsinlər”, – deyə Milli Bankın məlumatında qeyd olunur.