Milli Bank - MONEYVAL çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Milli Bank tərəfindən həyata keçirilmiş tədbirləri müsbət qiymətləndirib
Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (Moneyval) virtual aktiv və virtual aktiv xidmət təminatçılarına münasibətdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması (AML/CFT) məqsədilə Gürcüstanın Milli Bankı tərəfindən həyata keçirilmiş tədbirləri müsbət qiymətləndirib. Məlumatı Milli Bank yayır.
“Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 15-ci tövsiyəsi ilə bağlı Gürcüstanın uyğunluq reytinqi “Qismən Uyğundur”dan (Partially Compliant) “Böyük ölçüdə Uyğundur”a qədər yaxşılaşıb. Qeyd edilməlidir ki, Moneyval-a üzv olan 27 ölkədən Gürcüstan da daxil olmaqla yalnız 7-si “Böyük ölçüdə Uyğundur” reytinqinə malikdir.
Moneyval-ın hesabatında xüsusilə qeyd olunub ki, “Gürcüstan 15-ci tövsiyəyə uyğunluğu təmin etmək üçün mühüm addımlar atıb, bu da yeni texnologiyaların tətbiqi ilə bağlı tələblərə uyğunluğu və virtual aktiv xidmət təminatçılarının (VASPs) fəaliyyətinin tənzimlənməsini nəzərdə tutur”.
Virtual aktiv xidmət təminatçılarının tənzimlənməsi və nəzarət çərçivəsinin hazırlanması istiqamətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dəstəyi xüsusilə qeyd edilməlidir.
Məlumat üçün: 2023-cü ildən işə salınmış qanunvericilik dəyişikliklərindən başqa, Milli Bankın Çirkli Pulların Yuyulmasının Yoxlanması və Nəzarət Departamentinin təşəbbüsü və Beynəlxalq Sanksiyaların Həyata Keçirilməsi və Virtual Aktiv Xidmət Təminatçılarının Yoxlanması və Uzaqdan Nəzarət Departamentinin əhəmiyyətli iştirakı ilə bir sıra tədbirlər həyata keçirilib.
Gürcüstanın Milli Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması (AML/CFT) istiqamətində tənzimləyici və nəzarət çərçivəsini təkmilləşdirməyə davam edir, onun məqsədi FATF-ın beynəlxalq tövsiyələrinə uyğunluq, eləcə də virtual aktiv və virtual aktiv xidmət ekosistemində AML/CFT risklərinin səmərəli idarə edilməsi mədəniyyətinin davamlı inkişafıdır” – Milli Bankın məlumatında qeyd olunub.