Milli Bank – İnflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə azalıb
Gürcüstanda iqtisadi fəaliyyət iştirakçılarının birillik dövr üzrə inflyasiya gözləntiləri azalıb – bu barədə Gürcüstan Milli Bankı tərəfindən dərc olunmuş inflyasiya gözləntiləri və iqtisadi fəallığın 2026-cı ilin oktyabr ayı üzrə sorğusunun nəticələrindən məlum olur.
Tədqiqata əsasən, oktyabr ayında sentyabrla müqayisədə növbəti bir il ərzində qiymət artımını 6%-8% civarında və ya 8%-dən çox gözləyən respondentlərin sayı azalıb.
Bununla yanaşı, növbəti birillik dövrdə qiymətlərin artmasını nisbətən aşağı — 0%-2%, 2%-4% və 4%-6% intervallarında ehtimal edən rəyi soruşulanların payı yüksəlib.
Müvafiq olaraq, sorğunun nəticələri göstərir ki, iqtisadi fəaliyyət iştirakçıları arasında növbəti 1 il ərzində qiymət artımı ilə bağlı gözləntilər əvvəlki ayla müqayisədə azalıb.
Milli Bankın məlumatına əsasən, inflyasiya gözləntiləri üçillik dövr üzrə də azalıb. Tədqiqata əsasən, oktyabr ayında əvvəlki ayla müqayisədə növbəti üç il ərzində qiymətlərin artımını 4%-6%, 6%-8% civarında və ya 8%-dən çox olacağını gözləyən respondentlərin sayı azalıb. Eyni zamanda, növbəti üçillik dövrdə qiymət dəyişikliyini nisbətən aşağı 0%-2% və 2%-4% intervallarında ehtimal edən rəyi soruşulanların sayı artıb.
Qeyd edilməlidir ki, Gürcüstan Milli Bankının inflyasiya gözləntiləri və iqtisadi fəallıq sorğusu iqtisadi fəaliyyət iştirakçılarının qiymətləndirmə və gözləntilərini əks etdirir.