Milli Bank – Həssas seqmentin istehlakçılarının qorunması yalnız yüksək riskli əməliyyatlara şamil edilir və bu, adi ödəniş/köçürmələrə şamil edilmir
Gürcüstan Milli Bankının istifadəçinin güclü autentifikasiyası və maliyyə təşkilatları tərəfindən xidmət göstərilərkən istehlakçıların hüquqlarının qorunması qaydasına edilən dəyişikliklər istifadəçini yüksək riskli əməliyyatlardan və mümkün maliyyə dələduzluğundan qorumaq məqsədi daşıyır.
Milli Bankın məlumatına əsasən, əlavə müdafiə mexanizmi yalnız ödəniş xidməti təminatçısı (o cümlədən kommersiya bankı, mikrobank, qeydiyyatdan keçmiş ödəniş xidməti təminatçısı və mikromaliyyə təşkilatı) aşağıdakı dörd halı eyni vaxtda aşkar etdiyi zaman tətbiq olunacaq:
Ödəniş əməliyyatının mahiyyəti yüksək riskli dələduzluq profilinə malik fəaliyyətlə bağlıdır;
İstifadəçinin xərcləmə və davranışında qeyri-adi xüsusiyyət aşkar edilib;
Ödəniş əməliyyatının məbləği 500 larini keçir;
İstifadəçinin yaşı 60-dan yuxarıdır.
“Yuxarıda sadalanan bütün hallarda, ödəniş xidməti təminatçısı istifadəçi tərəfindən başladılan elektron ödəniş əməliyyatının icrasını 48 saat müddətinə dayandırmağa, istifadəçi ilə əlaqə saxlayaraq risklər və ya mümkün dələduzluq barədə sadə və anlaşılan formada müvafiq məlumat verməyə borcludur. Riskli və ya şübhəli əməliyyat başladıqdan sonra istifadəçinin 48 saat ərzində yekun qərar vermək imkanı olacaq. Əgər istifadəçi əməliyyatı yerinə yetirməkdə qərarlıdırsa, bu barədə xidmət təminatçısına təsdiq verməlidir.
Qeyd edilməlidir ki, dəyişiklik qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Analoji yanaşma, xüsusilə müəyyən həcmdə yüksək riskli əməliyyatların dayandırılması mexanizmi ABŞ, Kanada, Braziliya, Birləşmiş Krallıq, Avropa İttifaqı ölkələri və digər dövlətlərdə qüvvədədir” – Milli Bankın məlumatında deyilir.