Milli Bank: Gürcüstan üçün ilk dəfə olaraq Çin qiymətli kağızlar bazarına çıxış mümkün olur
Gürcüstan Milli Bankı dünyanın ən böyük və mühüm maliyyə bazarlarından biri olan Çin Banklararası İstiqraz Bazarına (China Interbank Bond Market – CIBM) çıxış əldə edib.
Milli Bankın məlumatına görə, bununla da Gürcüstan Milli Bankı Çin Banklararası İstiqraz Bazarında əməliyyat aparmaq imkanı olan mərkəzi bankların məhdud siyahısına qoşulub.
CIBM-ə çıxışla bağlı razılaşma Gürcüstan Milli Bankının nümayəndə heyətinin Çinə rəsmi səfəri çərçivəsində, Çin Xalq Bankı ilə imzalanmış memorandum əsasında əldə olunub.
Razılaşmaya əsasən, Milli Bank CIBM bazarına çıxışın təmin edilməsi və müvafiq müqavilələrin bağlanması məqsədilə Çin Mərkəzi Bankı ilə aktiv danışıqlara başlayıb. 23 dekabr 2025-ci il tarixində CIBM bazarında investisiya ilə bağlı müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, Çin Mərkəzi Bankı Gürcüstan Milli Bankını bu bazarda əməliyyatların həyata keçirilməsi üçün zəruri əsas xidmətlərlə təmin edəcək. Bunlara ticarət, hesablaşma və istiqrazların kastodi (saxlanma) xidmətləri daxildir.
Cari ilin fevral ayında Gürcüstan Milli Bankı üçün həm Çin Mərkəzi Bankında, həm də CIBM bazarının depozitar infrastrukturunda hesablar açılıb.
“Çin Banklararası İstiqraz Bazarı xarici institusional investorlar, o cümlədən mərkəzi banklar üçün Çin istiqraz bazarına birbaşa çıxışın əsas kanallarından biridir. Bu bazara çıxış Gürcüstan Milli Bankının investisiya imkanlarını genişləndirəcək və beynəlxalq valyuta ehtiyatlarının portfelinin diversifikasiyasına, eləcə də risklərin idarə olunması prosesinin səmərəliliyinin artırılmasına töhfə verəcək”, – deyə Milli Bankın prezidenti Natia Turnava bildirib.
Qeyd edilib ki, yeni bazarın mənimsənilməsi məqsədilə növbəti addımlar mərhələli şəkildə həyata keçiriləcək və bazarın əməliyyat mühiti, hesablaşma mexanizmləri, hüquqi çərçivə və risklərin qiymətləndirilməsinə əsaslanacaq.