Millətlər Liqası | Gürcüstan və Şimali İrlandiya milli komandalarının matçının canlı yayımı Gürcüstanın Birinci Kanalında #1TVSPORT

10:50, 25.09.2026

Millətlər Liqası: Gürcüstan – Şimali İrlandiya
Sentyabrın 25-də Gürcüstan milli futbol komandası Millətlər Liqasının yeni mövsümündə ilk oyununu Şimali İrlandiya yığmasına qarşı keçirəcək. “Dinamo Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Oyunun canlı yayımını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.
Gürcüstan millisi
Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol qrupda birinci yeri tutmağı və A Liqasına yüksəlməyi qarşısına məqsəd qoyub. Fransalı mütəxəssis hesab edir ki, Gürcüstan yığması bu hədəfə çatmaq iqtidarındadır.
“Komandada yaxşı atmosfer var. Düzdür, heyətimizdə oyun praktikası olmayan futbolçular da var. Amma uşaqların oyunları qazanmaq və qrupda birinci olmaq ambisiyası var.

Şimali İrlandiya millisinin oyunlarını izləmişəm və rəqibi yaxşı tanıyıram. Əsas məsələ topa nəzarət etməkdir. Yaxşı hazırlaşırıq və ümid edirəm ki, məşqlərdə nümayiş etdirdiyimiz futbolu meydanda da göstərə biləcəyik”, – Sanyol oyunöncəsi mətbuat konfransında bildirib.

2026-cı ildə “Cəngavərlər” dörd oyun keçirib və məğlubiyyətə uğramayıb. Komanda Litva və Bəhreyn üzərində qələbə qazanıb, İsrail və Rumıniya ilə isə heç-heçə edib.

Şimali İrlandiya
Şimali İrlandiya Millətlər Liqasının ötən mövsümündə pley-off mərhələsinə yüksəlib. Burada səfərdə İtaliya ilə qarşılaşan komanda 0:2 hesabı ilə məğlub olaraq Dünya Çempionatına vəsiqə qazana bilməyib.
Bundan sonra britaniyalılar Uelslə 1:1 hesablı heç-heçə edib, Qvineyanı 1:0 hesabı ilə məğlub edib və Fransa ilə oyunda 1:3 hesabı ilə uduzub. Həmin qarşılaşmada fransızlar, demək olar ki, ən güclü heyətlə meydana çıxmışdılar.

Gürcüstanla oyunda Şimali İrlandiyanın müdafiə xəttində Den Ballardın meydana qayıtması gözlənilir. O, zədəli Ruarri MakKonvili əvəzləyəcək. Baş məşqçi Maykl O’Nil həmçinin Ceymi Donlini hücum xəttində saxlamaqla bağlı qərar verməlidir.

Britaniyanın “Sports Mole” futbol portalının proqnozu da diqqət çəkir. Portal Gürcüstan millisinin 3:1 hesablı qələbəsini proqnozlaşdırır.

“Şimali İrlandiya millisi O’Nilin rəhbərliyi altında oyununu yaxşılaşdırsa da, xüsusilə əsas futbolçularının olmadığı bir vaxtda Tbilisidə səfər oyunu onlar üçün çətin sınaq olacaq. Buna görə də qələbəni Gürcüstan millisinin qazanacağını düşünürük”, – “Sports Mole” yazır.

Qarşılıqlı oyunlar
Gürcüstan və Şimali İrlandiya milli komandaları indiyədək yalnız bir dəfə – 2008-ci ildə yoldaşlıq görüşündə qarşılaşıblar. Həmin oyunda Şimali İrlandiya qalib gəlib.
Baş hakim
Gürcüstan – Şimali İrlandiya qarşılaşmasını İsrail hakimləri briqadası idarə edəcək. Matçın baş hakimi Orel Qrinfeld olacaq. Ona Roy Xasan və İdan Yarkoni kömək edəcəklər.
Qeyd edək ki, Millətlər Liqasının ötən mövsümündə Gürcüstan millisinin ilk oyununu – Çexiya üzərində 4:1 hesablı qələbə ilə başa çatan qarşılaşmanı da məhz Orel Qrinfeld idarə edib.

Gürcüstan millisinin sentyabr və oktyabr aylarında oyun cədvəli
25 sentyabr, 20:00 | Gürcüstan – Şimali İrlandiya
28 sentyabr, 20:00 | Gürcüstan – Ukrayna
2 oktyabr, 22:45 | Macarıstan – Gürcüstan
5 oktyabr, 22:45 | Şimali İrlandiya – Gürcüstan

Oxşar