Millətlər Liqası | Gürcüstan və Macarıstan yığmalarının matçının birbaşa reportajı Birinci Kanalda #1TVSPORT
Şənbə günü, noyabrın 14-də Mixeil Mesxi adına stadionda Millətlər Liqasının B2 qrupunun beşinci turunun matçında Gürcüstan yığması Macarıstanı qəbul edəcək – qarşılaşma saat 21:00-da başlayacaq, birbaşa reportajı Gürcüstanın Birinci Kanalı, Birinci Kanal İdman və Gürcüstan Radiosu sizə təqdim edəcək.
Macarıstan yığmasının baş məşqçisi Marko Rossi matçdən əvvəl keçirilən mətbuat konfransında ev sahiblərinin ünvanına tərif dolu sözlər sərf edib, lakin sonda əlavə edib ki, onun komandası yalnız qələbə haqda düşünür. İtaliyalı mütəxəssis ehtimal edir ki, Xviça Kvaratsxelianın yoxluğunda “xaçlılar” dəyişdirilmiş taktikayla oynayacaqlar.
Macarıstan yığmasının məşqçisi Dominik Soboslainin Gürcüstan yığmasına qarşı oynayacağını təsdiqləyib. Hərçənd, “Liverpul”un ulduzu həm Budapeştdə, həm də Tbilisidə dizində xüsusi sarğı ilə məşq edib, bu da onun hələ tam hazır olmadığını göstərir. Bundan başqa, Damir Redziç və Daniel Lukaç kiçik zədələrdən əziyyət çəkirlər – onlar ehtimal ki, matçda iştirak edə bilməyəcəklər.
Gürcüstan yığması
Gürcüstan yığması ilin son ev matçına böyük itkilərlə çıxır – zədələr səbəbindən komandaya Xviça Kvarasxelia, Otar Kiteişvili və Qizi Mamaqeişvili kömək edə bilməyəcək, “Sevilla”nın yarımmüdafiəçisi Qiorqi Koçoraşvili isə oyunu disklvalifikasiya səbəbindən buraxacaq. Bundan irəli gələrək, Gürcüstan yığmasının baş məşqçisi özünü göstərmək şansını başqa futbolçulara verəcək və diqqəti daha çox komanda oyununa yönəldəcək.
Trnava “Spartak”ının yarımmüdafiəçisi Qiorqi Moistsrapişvilinin və “Dunayska Streda”nın hücumçusu Qiorqi Qaquanın yığmaya dəvət olunması diqqət çəkib. Bugünkü Gürcüstan yığmasının əsas problemlərindən biri topa nəzarət və onu hücumçulara çatdırmaqdır, Moistsrapişvili və Qaqua isə məhz bu komponentdə komandanı gücləndirə bilərlər.

Hakim
Matçı 39 yaşlı çexiyalı hakim Ondrjey Berka idarə edəcək. O, indiyə qədər Gürcüstan və Macarıstan komandalarının iştirakı ilə yığma və ya klub səviyyəli matç idarə etməyib. O, Çexiyanın ali liqasında 2016-cı ildən hakimlik edir, FİFA kateqoriyalı hakim statusunu isə 2021-ci ildə alıb.
Berkanın köməkçiləri Matey Vlçek və Kamil Haiek olacaqlar, dördüncü hakim funksiyalarını Ondrjey Pexanets yerinə yetirəcək, video köməkçi hakim (VAR) kimi isə almaniyalı Saşa Şteqeman çalışacaq, ona çexiyalı Miroslav Zelinka kömək edəcək.

Qarşılıqlı görüşlər
Gürcüstan və Macarıstan yığmaları indiyədək üç dəfə qarşılaşıblar, iki dəfə macarlar qalib gəlib, bir dəfə isə Gürcüstan yığması qələbə qazanıb – 2001-ci ildə dünya çempionatının seçmə turnirinin matçında Mixeil Mesxi adına stadionda “xaçlılar” rəqibini 3:1 hesabı ilə məğlub etmişdilər. Qolları Şota Arveladze, Qoça Camarauli və Aleksandre İaşvili vurmuşdular.