Milanda Gürcüstanın Baş Konsulluğu açıldı
Milanda Gürcüstanın Baş Konsulluğu açıldı

 

Milanda Gürcüstanın Baş Konsulluğu açıldı.

Gürcüstanın Baş Konsulluğunun rəsmi açılışı və Müstəqillik Günü ilə əlaqədar Viskontilər Sarayında təntənəli tədbir keçirildi.

Tədbirdə Gürcüstan və İtaliyanın dövlət himnləri səsləndirildi.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qonaqlar qarşısında çıxış etdi. Hökumət başçısı çıxışı zamanı gürcü və italyan xalqları arasında xüsusi münasibətdən danışdı.

“Gürcüstanla İtaliya arasında yaranmış dostluqla fəxr edirik. Milan şəhərində Baş Konsulluğun açılması sıx münasibətlərimizin təzahürlərindən biridir. Bu, Gürcüstanla İtaliya arasında əlaqələrin daha da dərinləşməsinə kömək edəcək daha bir addımdır” – İrakli Kobaxidze qeyd etdi.

Tədbirdə həmçinin Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili, Tbilisinin meri Kaxa Kaladze, Milanın meri Cuzepe Sala, Milanın prefekti Klaudio Zqaralia və Lombardiya bölgəsinin vitse-prezidenti Marko Alparone çıxış etdilər.

Kaxa Kaladze bildirib ki, konsulluğun açılması iki ölkə arasında mövcud münasibətləri daha da dərinləşdirəcək, Gürcüstan vətəndaşları üçün isə müvafiq xidməti sadələşdirəcək. “Milan Kaxa Kaladzenin bütün arzularını reallığa çevirən şəhərdir” – Kaladze qeyd etdi.

Bununla yanaşı, Milanın meri Cuzepe Sala Gürcüstanın Baş Konsulluğunun açılış mərasimində bildirib ki, Gürcüstan və İtaliya arasındakı dostluq və əməkdaşlıq ideyaları çox səmimidir. “Sizin nümayəndəliyiniz kifayət qədər uzun müddətdir ki, mühüm rol oynayır. Gürcüstanın İtaliyada böyük diasporu var, bu, mühüm icmadır, mühüm, fəal diaspordur və bu diaspor Milanın müasir həyatının formalaşmasında bizə kömək edir” – Milanın meri deyib.

Lombardiya bölgəsinin vitse-prezidenti Marko Alparone isə qeyd etdi ki, Gürcüstan və İtaliya arasında münasibətlər təkcə iqtisadi sahədə deyil, həm də ətraf mühitin mühafizəsi, turizm və digər bir çox istiqamətdə getdikcə daha sıx və yaxın xarakter alır.

Bu gün ilə əlaqədar Viskontilər Sarayında “Basiani” ansamblının konserti keçirildi.