Mixeil Sarcveladze Rusiyada taun xəstəliyinin mümkün yayılması ilə bağlı hər hansı tədbir görülməsinə ehtiyac olmadığını və təşviş üçün əsasın olmadığını bildirib

13:56, 07.10.2026

Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladzenin sözlərinə görə, Rusiyada taun xəstəliyinin mümkün yayılması ilə bağlı təşvişə və əsassız ajiotaja heç bir əsas yoxdur.

Nazirin bildirdiyinə görə, zərurət yaranacağı təqdirdə Gürcüstan əhalini istənilən riskdən qorumaq üçün hazır olacaq.

“Xəstəliklərə Nəzarət Mərkəzi və nazirlik baş verən yenilikləri və vəziyyəti fəal şəkildə izləyir. Əsas məlumat mənbəyimiz Ümumdünya Səhiyyə Təşkilatıdır.

Əldə olunan məlumatlara əsasən deyə bilərəm ki, təşvişə və əsassız ajiotaja heç bir əsas yoxdur. Hazırda hər hansı tədbir görülməsinə ehtiyac görünmür və bununla bağlı heç bir tövsiyə yoxdur.

Toplanan məlumatlar Gürcüstandan çox uzaqda yerləşən ərazilərlə bağlıdır. Ölkələr arasında gediş-gəlişin intensivliyi ilə bağlı bütün amillər nəzərə alınmaqla, hər hansı xüsusi tədbirin görülməsi zəruri hesab edilmir.

Təbii ki, belə bir zərurət yaranarsa, Gürcüstan əhalisini bu kimi risklərdən qoruyacaq istənilən tədbiri dərhal həyata keçirməyə hazırıq”, – deyə Sarcveladze bildirib.

Oxşar