Mixeil Sarcveladze İtaliyada narkotik asılılığının qarşısının alınması və reabilitasiyası məsələlərinə dair keçirilən beynəlxalq konfransda iştirak edib
Səhiyyə naziri Mixeil Sarcveladze İtaliyada rəsmi səfərdə olub və narkotik asılılığının qarşısının alınması və reabilitasiyası məsələlərinə dair yüksək səviyyəli beynəlxalq konfransda iştirak edib.
Görüşün açılışını İtaliyanın Baş naziri Corcia Meloni edib.
Avropa Şurasının baş katibi Alen Berse və müxtəlif ölkələrin nazirləri iştirakçılar qarşısında çıxış ediblər.
Görüş çərçivəsində Avropa Parlamentinin üzvü Letisiya Morati İtaliyada fəaliyyət göstərən “San Patrinyano” reabilitasiya təşkilatının fəaliyyətini təqdim edib.
Təşkilat asılılıqdan əziyyət çəkən şəxslərin reabilitasiyası, təhsili və peşə bacarıqlarının inkişafı istiqamətində çalışır.
Narkotik asılılığının qarşısının alınması və reabilitasiyası məsələlərinə dair keçirilən beynəlxalq görüşdə Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze çıxış edərək Gürcüstanın təcrübəsi və gələcək planlarından danışıb. O, qeyd edib ki, Gürcüstan 2025-ci ilin oktyabrında Narkotiklərə Qarşı Mübarizə üzrə Avropa Koalisiyasına (ECAD) qoşulub. Koalisiyanın təsis bəyannaməsini Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində imzalayıb.
Mixeil Sarcveladzenin bəyanatına əsasən, səmərəli narkotik siyasəti ictimai səhiyyənin qorunması tədbirləri ilə hüquq-mühafizə mexanizmləri arasında lazımi balans tələb edir. Bu istiqamətdə Gürcüstanda qurumlararası koordinasiya şurası idarələr və müxtəlif sektorlar arasında əməkdaşlığı təmin edir.
Nazir beynəlxalq təcrübənin bölüşdürülməsinin və sübutlara əsaslanan yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıb. Onun bəyanatına əsasən, narkotiklərin qanunsuz dövriyyəsi və asılılıqla bağlı çağırışlar daim dəyişir, bu səbəbdən profilaktika və reabilitasiya sahəsində yeni, səmərəli yanaşmaların işlənib hazırlanması zəruridir.
Mixeil Sarcveladze erkən profilaktikanın əhəmiyyətinə diqqət çəkərək bu prosesdə təhsilin, ailələrin cəlb olunmasının və sağlam həyat tərzinin təbliğinin xüsusi rol oynadığını qeyd edib.
Görüşün sonunda Narkotiklərə Qarşı Mübarizə üzrə Avropa Koalisiyasının (ECAD) asılılıqların qarşısının alınması və reabilitasiyasına dair bəyannaməsi qəbul olunub. Bəyannamə profilaktika, müalicə, reabilitasiya və cəmiyyətə reinteqrasiyanın dəstəklənməsini nəzərdə tutur.
Məlumatı Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.