Mixeil Saakaşvilini "Vivamed" klinikasından penitensiar müəssisəyə aparıblar
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini “Vivamed” klinikasından 12 saylı penitensiar müəssisəyə aparıblar.
Bu haqda məlumatı Xüsusi Penitensiar Xidmət yayır.
“İctimaiyyətə məlum olduğu kimi, məhkum Mixeil Saakaşvili stasionar tibbi yardım almaq məqsədilə 2022-ci ilin mayın 12-də “Vivamed” klinikasına aparılıb və indiyə qədər orada idi və müvafiq tibbi yardım göstərilirdi.
Gürcüstan qanunvericiliyinə müvafiq olaraq, pasiyentin mülki sektor xəstəxanasından penitensiar müəssisəyə qaytarılması onun sağlamlıq vəziyyəti nəzərə alınmaqla, müalicə edən həkimin qərarı əsasında həyata keçirilir.
Məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti qənaətbəxş olduğundan və artıq stasionar müalicəyə ehtiyac duymadığından, o, mülki sektor klinikasından buraxılıb və cəzasını ümumi qaydada çəkməyə davam edəcəyi 12 saylı penitensiar müəssisəyə qayıdıb” – Xüsusi Penitensiar Xidmət tərəfindən yayılmış məlumatda deyilir.