Mixeil Saakaşvili Volodimir Zelenskiyə müraciət edir, onu müharibənin mülki əsirləri siyahısına daxil etsin
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edir və onu müharibənin mülki əsirləri siyahısına daxil etməsini xahiş edir. Saakaşvilinin müvafiq müraciəti onun rəsmi “Facebook” səhifəsində dərc edilib.
“Suallarımla sizi narahat etməməyə çalışıram, çünki onsuz da çox işiniz var. Dəstəyinizə və Ukrayna Xarici İşlər Nazirliyindən, Ali Radadan, administrasiyanızdan və insan hüquqları üzrə komissardan hiss etdiyim daimi diqqətə görə minnətdaram. Lakin indi sizə müraciət etmək məcburiyyətindəyəm, çünki dünən ağır zəhərlənməyə görə müalicə olunduğum həbsxana xəstəxanasından yenə həbsxanaya -məni zəhərləyən eyni personalın yanına qaytarıldım. 2022-ci ilin martında zəhərlənməm tammiqyaslı müharibənin başlamasından sonra baş verdi. Zəhərləndiyimi Amerika və Almaniya laboratoriyaları təsdiqlədilər. Lap əvvəldən Putin mənə qarşı qisas tələb edirdi, Medvedev və Lavrov isə dəfələrlə mənim həbs edilməmlə lovğalanırdılar.
Əvvəlcə tamamilə uydurulmuş iş üzrə məni saxladılar və Gürcüstanın o vaxtkı baş naziri bu işin Ukraynadakı fəaliyyətimlə əlaqəli olduğunu açıq şəkildə dedi. Mənə qarşı bu yaxınlarda açılan yeni cinayət işində, digərləri ilə birlikdə, düşmən xarici dövlətin xeyrinə diversiyada ittiham olunuram. İşin materiallarında sizin, eləcə də Mixeil Podolyakın bəyanatları yer alıb. Yəni, legitimliyi olmayan Gürcüstan hakimiyyəti Ukraynanı açıq şəkildə düşmən əhval-ruhiyyəli xarici dövlət elan edir. Və bu təəccüblü deyil, çünki bu böyük müharibənin başladığı gündən rus oliqarx İvanişvili və onun qulluqçuları açıq şəkildə Rusiyanın tərəfini tutublar.
Bu kontekstdə mənim təqib edilməm və taleyimin müharibə ilə əlaqəli olduğu tamamilə aydındır. Mən Ukrayna vətəndaşı və rəhbərliyiniz altında işləmək şərəfinə nail olduğum Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədriyəm. Sizdən xahiş etmək istərdim ki, 2019-cu ildə qanunsuz olaraq əlimdən alınmış vətəndaşlığımı qaytardığınız kimi, Odessa Vilayətinin Dövlət Administrasiyasının sabiq rəhbəri və Gürcüstanın Rusiyayönümlü rejimi tərəfindən qanunsuz olaraq saxlanılan Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri kimi, müvafiq hüquqi nəticələrlə məni bu müharibənin mülki əsirlərinin siyahısına daxil edəsiniz.
Bilirəm ki, ukraynalılar öz insanlarını tərk etmirlər və sizə ümid edirəm” – Mixeil Saakaşvili yazır.