Mixeil Saakaşvili – Oktyabrın 1-də əsarətimin beş ili tamam olur, tam Servantesin əsarətdə saxlandığı qədər
Əsarətimin şəraitinin aktuallaşdığını nəzərə alaraq, sizə əlavə təfərrüatları təqdim edirəm. Balaca, qaranlıq, tarakanlı, tualet əvəzinə çalanın olduğu (buradakı bütün siyasi məhbuslar eyni şəraitdədir) havasız hücrədə qalıram – bu haqda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
“Oktyabrın 1-də əsarətimin beş ili tamam olur, tam Servantesin əsarətdə saxlandığı qədər. Bu qədər müddət təkadamlıq hücrədə saxlanılmaq, beynəlxalq normalara əsasən, işgəncə və qeyri-insani rəftara bərabərdir. Həbsxana İvanişvilinin mülkiyyətində olan Rustavi sement zavodunun yaxınlığında yerləşir və oradan davamlı olaraq başımıza bu zavodun nəfəs almağı çətinləşdirən xərçəng törədici tozları yağır.
Məhbusların 99%-dən fərqli olaraq, bütün bu müddət ərzində qanunla nəzərdə tutulmasına baxmayaraq zəng etməyim qadağan edilib (son zamanlar yalnız Alisa ilə həftədə bir neçə dəqiqə danışmağa icazə veriblər). Ukrayna konsulu ilə görüşməyimə, Ukrayna mətbuatı və video məzmunu almağıma imkan vermirlər. Vəkillərimə nədənsə şəkillər, o cümlədən uşaqlarımın və nəvəmin şəkillərini gətirmək qadağan edilir. Həmçinin bir çox beynəlxalq, hökumət və parlament nümayəndələrinin məni ziyarət etməsinə dəfələrlə yox cavabı verilib.
Bir sözlə, mənimlə hərbi əsir kimi rəftar edirlər, lakin rus ağaları kimi Cenevrə Konvensiyasına əməl etmirlər. Bütün bunlar, lap əvvəldən mənə işgəncə verilməsi və zəhərlənməyim kimi, əlbəttə ki, məni sındırmağa hesablanıb, lakin İvanişvili öz çaqqal “Kotsi”ləri ilə (Gürcü Arzusu) və Moskvadakı ağası buna heç vaxt nail ola bilməyəcəklər” – Saakaşvili yazır.