Mixeil Saakaşvili - Mən öz böyük, tarixi məsuliyyətimi qəbul edirəm, Gürcüstanın birləşdirilməsi, Qafqazın böyük birliyi işində həlledici rol oynaya bilərəm
Mən Gürcüstanın birləşdirilməsi, Qafqazın böyük birliyi işində həlledici rol oynaya bilərəm. Mən tarixi təcrübəmə, nüfuzuma görə bacarıram – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bugünkü məhkəmə prosesində uzaqdan bağlantı zamanı deyib.
Saakaşvili bildirib ki, Gürcüstanın xilası və böyük quruculuq dövrü qarşıdadır.
“Müxtəlif siyasi aktorların qərarlarını gözləməyək. Mən əlbətdə, öz böyük, tarixi məsuliyyətimi qəbul edirəm. Bilirəm ki, bütün bunlarda, Gürcüstanın birləşdirilməsi, Qafqazın böyük birliyi işində həlledici rol oynaya bilərəm. Mən tarixi təcrübəmə, nüfuzuma görə bacarıram, çünki regionun demək olar ki, bütün liderləri ilə çox yaxın münasibətlərim var və yaxın münasibətim olmayan, məsələn Paşinyan vaxtilə bizim həyata keçirdiyimiz islahatları və bizim antikorrupsiya islahatlarını təkrarlayır. Mən hiss edirəm ki, bunu bacarıram, lakin bunu yalnız gürcü xalqı və bütün siyasi aktorlarla birlikdə bacarıram. Bu məsuliyyəti qəbul edirəm, lakin dərk edirəm ki, güc birlikdədir və tək insan bunu bacarmaz. Lakin, əlbətdə, bu istiqamətdə vaxtında hərəkətə keçmək üçün bütün gücümü sərf edəcəyəm. Birləşmiş Qafqaz yaxın zamanda və birləşmiş Gürcüstan da onun oxu olacaq, dünya miqyasında çox böyük geosiyasi əhəmiyyətə malik oyunçu olacaq. Gürcüstan “Qızılgül inqilabı”ndan sonra dünya miqyasında böyük oyunçu idi. Sonra düşmənimizin köməyi ilə əks-inqilab baş verdi və bu statusdan bizi məhrum etdilər, lakin biz bunu dostlarımızın köməyilə geri qaytaracağıq, o cümlədən çox böyük siyasi çəkimin olduğu ukraynalıların köməyilə. Bildiyiniz kimi – bu günə qədər prezident Zelenskinin islahatlar üzrə müşavirlər şurasının sədriyəm – həmçinin, avropalıların və amerikalıların köməyilə” – Mixeil Saakaşvili bildirib.
Bununla yanaşı, Saakaşvili bildirib ki, Gürcüstanda vəziyyət dəyişən kimi Rusiya ilə viza rejimi və əmlak münasibətləri sərtləşdiriləcək.
“Tariximizdə heç vaxt görmədiyimiz Gürcüstanı yaratmağın vaxtı gəlir. Biz Qurucu Davit və Tamarın dövründə olanları belə ötəcəyik, çünki yeni vəziyyət, yeni şərtlər, kimliyimizin qorunub saxlanacağı qloballaşan dünya var. Biz burada müstəmləkə bəlasını uzaqlaşdıracağıq. Məsələn, bu gün Batumidə gürcü danışığı demək olar ki, eşidilmir. Hər şey rus dilindədir. Gürcüstanda vəziyyət dəyişən kimi, Rusiya ilə viza rejimi sərtləşdiriləcək, əmlak münasibətləri sərtləşdiriləcək. Gürcüstanın gürcülərdən boşalmasına və onların yerinə moldavanların, başqırdların, tatarların və ya moskvalıların və peterburqluların köçməsinə imkan verməyəcəyik. Ölkəmiz bizə aiddir” – Mixeil Saakaşvili qeyd edib.