Mixeil Qaveliaşvili - Gürcüstan prezidenti kimi ilk dəfə dost Türkiyəni ziyarət etmək mənim üçün böyük şərəfdir, Gürcüstanı Türkiyə ilə möhkəm, strateji tərəfdaşlıq bağlayır
Mixeil Qaveliaşvili - Gürcüstan prezidenti kimi ilk dəfə dost Türkiyəni ziyarət etmək mənim üçün böyük şərəfdir, Gürcüstanı Türkiyə ilə möhkəm, strateji tərəfdaşlıq bağlayır

Mənim üçün böyük şərəfdir ki, Gürcüstan prezidenti kimi rəsmi səfərlə ilk dəfə dost Türkiyə Respublikasını ziyarət edirəm. Türkiyə ilə Gürcüstanı möhkəm, strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq bağlayır, – bunu Gürcüstan prezidenti Mixeil Qaveliaşvili Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə bildirib.

Mixeil Qaveliaşvili türk həmkarına xüsusi və səmimi qonaqpərvərliyə görə təşəkkür edib və qeyd edib ki, ali səviyyəli görüşlərdə Gürcüstan və Türkiyə arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin aktiv gündəliyi müzakirə olunub.

“Zati-aliləri, xüsusi və səmimi qonaqpərvərliyiniz üçün sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu gün ali səviyyəli görüşlərdə Gürcüstan və Türkiyə arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin aktiv gündəliyini müzakirə etdik, mühüm regional məsələlər barədə fikir mübadiləsi apardıq və gələcək əməkdaşlıq perspektivlərini müəyyən etdik. Yüksək və ali səviyyəli görüşlərin dinamikasının qorunmasının vacibliyi barədə danışdıq və dostumuz cənab prezidenti şəxsən Gürcüstana dəvət etdim. Həmçinin, yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurğuladıq”, – deyə Gürcüstan prezidenti bildirib.

Bununla yanaşı, Mixeil Qaveliaşvili qeyd edib ki, Türkiyə Respublikası Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, Gürcüstandan məhsul ixracının artırılmasına dəstək göstərilməsi vacibdir ki, azad ticarət haqqında saziş hər iki tərəf üçün bərabər fayda gətirsin.

“Müasir dünyada baş verən prosesləri nəzərə alaraq, biz regional, ticarət-iqtisadi və nəqliyyat-energetika əməkdaşlığının dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirdik. Bildiyiniz kimi, Türkiyə Respublikası Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır. Məhz bunu nəzərə alaraq, biz ikitərəfli ticarətin inkişafı sahəsində mövcud potensialın daha səmərəli istifadəsi üçün hansı addımların atıla biləcəyini müzakirə etdik. Gürcüstandan məhsul ixracının artırılmasına dəstək göstərilməsi bizim üçün vacibdir ki, azad ticarət haqqında saziş hər iki tərəf üçün bərabər fayda gətirsin”, – Mixeil Qaveliaşvili deyib.

Gürcüstan prezidentinin sözlərinə görə, görüşdə Orta Dəhliz konsepsiyası və onun əhəmiyyəti də diqqət mərkəzində olub.

“Biz həmçinin Orta Dəhliz konsepsiyasına və onun ölkələrimiz üçün əhəmiyyətinə diqqət yetirdik. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin, Bakı–Tbilisi–Qars dəmir yolunun, təbii qazın Cənub Dəhlizi layihələrinin əhəmiyyəti qeyd olundu. Bu layihələr ölkələrimizin roluna və funksiyasına dünya geosiyasi məkanında yeni ölçü verir. Bundan əlavə, mədəniyyət, təhsil və xalqlar arasında əlaqələr istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə etdik. Nəticə olaraq demək istəyirəm ki, bugünkü görüşümüz strateji tərəfdaşlığı dərinləşdirmək və xalqlarımızın rifahı naminə konkret nəticələr əldə etmək üçün siyasi iradəmizin nə qədər güclü olduğunu bir daha təsdiqlədi. Bir daha səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm”, – Mixeil Qaveliaşvili deyib.