Mixeil Qavelashvili - Gürcüstan Konstitusiyası suverenliyin möhkəmləndirilməsinin, demokratiyanın, azadlığın və qaydanın, ədalətin təminatının əsas qarantıdır
12:17, 24.08.2025
Bizim borcumuzdur ki, ona qayğı ilə yanaşaq və qoruyaq, heç kimə Konstitusiyamızı laqeydliklə yanaşmaq imkanı verməyək. Məhz ölkəmizin əsas hüquqi sənədi – Gürcüstan Konstitusiyası suverenliyin möhkəmləndirilməsinin, ölkədə demokratiyanın, azadlığın, qaydanın və ədalətin təmin edilməsinin əsas qarantıdır, – bu barədə Gürcüstan Prezidenti Mixeil Qavelashvili bildirib.
Mixeil Qavelashvili çıxışında ölkənin milli dəyərlərinin və maraqlarının qorunmasının əhəmiyyətinə diqqət çəkib və son illərdə Gürcüstana göstərilən təzyiqlərdən danışıb.
“Biz anlamalıyıq ki, əgər ölkənin milli dəyərlərini və maraqlarını sonadək qorumasaq, hər şeyi itirəcəyik, çünki müasir Gürcüstanın bir növ təməli məhz Konstitusiyamızda əks olunan prinsiplərdir! Yaxşı xatırlayırıq ki, son illərdə dövlətimizə qarşı artan təzyiqlər fonunda, Gürcüstanın maraqlarına zərər vuran saysız-hesabsız ədalətsiz tələblər ortaya çıxdı. Həmin təzyiqlərə qarşı mübarizə prosesində Gürcüstan dövlətinin əsas silahlarından biri məhz Konstitusiyamız və orada əks olunmuş normalar oldu ki, bunlar dövlətin hər hansı ədalətsiz tələbi yerinə yetirməsini əvvəldən istisna edirdi!” – deyə Mixeil Qavelashvili vurğulayıb.
Gürcüstan Prezidenti, Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Konstitusiya üzərində iş prosesində gördüyü fəaliyyətə görə təşəkkür edib.
“Buradan fürsətdən istifadə edərək Baş nazir İrakli Kobaxidzeyə böyük təşəkkürümü bildirirəm. Bir neçə il əvvəl o, Dövlət Konstitusiya Komissiyasının rəhbəri oldu və yüksək peşəkarlıq və məsuliyyətlə çalışaraq, bu gün bizə elə bir Konstitusiya təqdim etdi ki, bir tərəfdən konstitusiya hüququnun fundamental prinsiplərinə əsaslanır, digər tərəfdən isə ölkənin uzunmüddətli demokratik inkişafını təmin edir. Həmçinin bu prosesdə iştirak edən hər bir şəxsə də dərin təşəkkürümü bildirirəm”, – deyə Gürcüstan Prezidenti qeyd edib.
Tədbirdə Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, icraedici, qanunverici, məhkəmə hakimiyyətinin nümayəndələri, konstitusiya hüquqşünasları və dəvət olunmuş qonaqlar iştirak ediblər.