Mixeil Kavelaşvili – Xoşbəxtlikdən, Aİ-də ədalətsiz yanaşmalara göz yummayan və aqressiv ritorika əvəzinə dialoq və diplomatiyanı seçən ölkələr var
Mixeil Kavelaşvili – Xoşbəxtlikdən, Aİ-də ədalətsiz yanaşmalara göz yummayan və aqressiv ritorika əvəzinə dialoq və diplomatiyanı seçən ölkələr var

Hazırda Gürcüstan–Avropa İttifaqı münasibətləri bir sıra çağırışlarla üz-üzədir. Lakin inanırıq ki, konstruktiv və aktiv dialoq vasitəsilə Gürcüstanla Aİ-nin mövqeləri arasındakı fərqləri aradan qaldırmaq və münasibətləri normallaşdırmaq mümkündür və bunun üçün yəqin ki, daha çox səylərə ehtiyac olacaq. Bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Xorvatiya Prezidenti Zoran Milanoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ-nin genişlənmə siyasəti manipulyasiya alətinə çevrilməməlidir; Avropa bürokratları tez-tez bu üsula müraciət edirlər və Gürcüstan bu məsələdə səmimi mövqe tutmağa çalışacaq.

“Cəmiyyətimizə hər zaman bildiririk ki, milli maraqlarımızdan irəli gələrək, Avropa bürokratlarının münasibətindən asılı olmayaraq, istənilən səviyyədə əlaqələri davam etdirməyə hazırıq. Qeyd etmək istəyirəm ki, Gürcüstan son illərdə nümunəvi dayanıqlıq və prinsipiallıq nümayiş etdirib, öz suverenliyini, milli maraqlarını və sülhü qoruyub. Son illərdə qeydə alınan yüksək iqtisadi artım da bunun nəticəsidir”, – deyə Mixeil Kavelaşvili bildirib.

Prezident əlavə edib ki, “xoşbəxtlikdən, Avropa İttifaqında ədalətsiz yanaşmalara göz yummayan, Gürcüstanın irəliləyişini görən və obyektiv qiymətləndirən ölkələr var. Onlar avrobürokratların aqressiv ritorikası əvəzinə dialoq və diplomatiyanı seçirlər”.

“Yalnız bu yolla həqiqi Avropa dəyərlərini qorumaq mümkündür. Fürsətdən istifadə edərək həmkarım cənab prezidentə təşəkkür edirəm. O, bu dəyərlərə sadiqdir və ümid edirəm ki, həm siyasətçilər, həm də ölkələr arasında bu cür yanaşmanı dəstəkləyənlərin sayı artacaq və bir çox dövlətlər mövcud reallığımızı və səylərimizi layiqincə qiymətləndirəcək”, – deyə Mixeil Kavelaşvili vurğulayıb.