Mixeil Kavelaşvili həyat yoldaşı ilə birlikdə Kaxetidə, Dedoplistskaro bələdiyyəsində yerləşən “Svanidzenin zeytunları” şirkətini ziyarət edib və zeytun yığımında iştirak edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, yerli və qanunverici hakimiyyət orqanlarının nümayəndələri ilə birlikdə zeytun bağlarına və istehsal müəssisəsinə baxış keçirib.
Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Mixeil Kavelaşvili zeytunun yetişdirilməsi, məhsul yığımı və zeytun yağının istehsalının bütün mərhələləri ilə tanış olub.
“Zeytun istehsalının inkişaf perspektivlərinə, Gürcüstanın aqrar məhsullarının keyfiyyətinin əhəmiyyətinə və onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması imkanlarına diqqət yetirilib.
Gürcüstanda aqrar istehsalın inkişafı, müasir texnologiyaların tətbiqi və yüksək keyfiyyətli məhsulların istehsalı ölkənin kənd təsərrüfatı potensialının reallaşdırılması və yerli məhsulların beynəlxalq bazarlarda möhkəmlənməsi üçün mühüm imkanlar yaradır”, – deyə Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.