Mixeil Kavelaşvili - Diaspora nümayəndələri elçilərdir və onların imkanları var ki, istənilən ölkənin cəmiyyətinə ölkəmizi təqdim etsinlər
Mixeil Kavelaşvili - Diaspora nümayəndələri elçilərdir və onların imkanları var ki, istənilən ölkənin cəmiyyətinə ölkəmizi təqdim etsinlər

Diasporanın və soydaşlarımızın rolu çox böyükdür. Diaspora nümayəndələri elçilərdir və onların imkanları var ki, istənilən ölkənin cəmiyyətinə ölkəmizi təqdim etsinlər, – bunu Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Diaspora Gününə həsr olunmuş forumda çıxışı zamanı bildirib.

Mixeil Kavelaşvilinin sözlərinə görə, özü də 18 il ərzində diasporanın nümayəndəsi olub və xaricdə yaşamağın çətinliklərini yaxşı bilir.

“Dünən bizim üçün dəyərli günü qeyd etdik və bu gün Diaspora Gününü qeyd edirik. Bu tarixlərin bir-birinə bağlanması simvolikdir. Diasporanın və soydaşlarımızın rolu çox böyükdür. Gürcüstan öz mədəniyyəti, tarixi və mənşəyi ilə zəngindir və diaspora üçün ölkəmizi tanıtmaq baxımından böyük imkanlar və üstünlüklər mövcuddur. Buna görə, gələcək nəsli bizim kimliyimizə, mədəniyyətimizə, dilimizə yaxından bağlamağa çalışan insanlara xüsusi təşəkkürümü bildirirəm.

Mən özüm də diasporanın nümayəndəsi olmuşam, təxminən 18 il xaricdə yaşamalı olmuşam. Bilirəm ki, ailən, uşaqların olanda və onlar başqa dildə təhsil alanda öz doğma gürcü mədəniyyətini onlara ötürmək nə qədər çətindir. Mən bu çətinliyi anlayıram, amma biz zəngin xalqıq və gücümüz var ki, bu zənginliyi yaşadığımız hər yerdə göstərək,” – deyə Kavelaşvili bildirib.

Gürcüstan Prezidenti qeyd edib ki, diaspora ilə münasibətlərdə kilsənin, dini icmaların və yeparxiyaların xüsusi rolu var.

“Onların rəhbərlərinə, din xadimlərinə xüsusi təşəkkür edirəm, çünki onlar böyük zəhmət çəkirlər və bu çox güclü bir qüvvədir – insanın pravoslav kilsəsinə gedib dua etməsi imkanı varsa. Müqəddəs və Mübarək Patixamızın, Müqəddəs Sinodumuzun bu istiqamətdə verdiyi qərarlara görə xüsusi təşəkkür edirəm – bu, həqiqətən də bizim vətəndaşlarımız üçün böyük bir imtiyazdır.

Prezident olaraq bəyan etmək istəyirəm ki, mən və mənim administrasiyam hazırıq ki, münasibətlərimiz daha sıx olsun.

Bu günü bir daha təbrik edirəm. Xarici İşlər Nazirliyinə, hökumətimizə təşəkkür edirəm ki, diaspora ilə birlikdə mühüm məsələləri səmərəli şəkildə inkişaf etdirir. Harada olmağımızdan asılı olmayaraq, vətənimiz həmişə bizimlə olmalıdır. Xüsusilə də xaricdə olduğumuz zaman, vətənin mənası bizim üçün daha da artır, tamam başqa hisslərlə dolursan, daha dərindən anlayırsan ki, nə qədər zənginliyə maliksən, gürcü olmaq nə deməkdir və bu cür tarixə sahib olmaq necə bir dəyərdir,” – deyə Mixeil Kavelaşvili bildirib.