Mixeil Ğavelaşvili – Yeni tədris ilinin başlaması münasibətilə sizi təbrik edirəm, təhsil sistemi insanın imkanları ilə yanaşı, ölkənin gələcəyini də müəyyən edir
Dövlətimizin məsuliyyəti gənclərə keyfiyyətli, fundamental təhsil almaq, öz potensiallarını Gürcüstanda gerçəkləşdirmək və əldə etdikləri bilikləri ölkənin tərəqqisinə sərf etmək imkanı verməkdir – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili sosial şəbəkədə yazır.
Ğavelaşvili şagirdləri, tələbələri və müəllimləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib.
“Yeni tədris ilinin başlaması münasibətilə sizi təbrik edirəm! Bu, şagirdlər, tələbələr, müəllimlər və gündəlik həyatında təhsilin mühüm yer tutduğu hər bir ailə üçün xüsusi gündür.
Təhsil sistemi insanın imkanları ilə yanaşı, ölkənin gələcəyini də müəyyən edir. Güclü və müstəqil dövlət öz ölkəsinin tarixinə və milli dəyərlərinə hörmətlə yanaşmaqla bərabər, müasirliyin çağırışlarına ləyaqətlə cavab verəcək daha yaxşı Gürcüstanı özü yaratmaq üçün bilik, bacarıq və iddiaya malik olan azad düşüncəli, məsuliyyətli nəsillə qurulur.
Dövlətimizin məsuliyyəti gənclərə keyfiyyətli, fundamental təhsil almaq, öz potensiallarını Gürcüstanda gerçəkləşdirmək və əldə etdikləri bilikləri ölkənin tərəqqisinə sərf etmək imkanı verməkdir.
Peşəkarlıqları, milli ruhları və məsuliyyətləri hər yeni nəslin formalaşmasında son dərəcə mühüm rol oynayan insanlara – müəllimlərə xüsusi təşəkkürümü bildirirəm. Sizə uğurlu və bəhrəli tədris ili arzulayıram” – Ğavelaşvili yazır.