Mixeil Ğavelaşvili Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi An Suan ilə görüşüb

16:19, 13.10.2026

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Prezident Sarayında Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi An Suana ev sahibliyi edib.

Gürcüstan Prezidentinin Administrasiyasının məlumatında, geniş tərkibli görüşdə tərəflərin ikitərəfli əlaqələrin inkişafını, yüksək səviyyəli siyasi dialoqun dərinləşdirilməsini, ticarət-iqtisadi, nəqliyyat, investisiya, turizm, təhsil, mədəniyyət və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə etdikləri deyilir.

“Mixeil Ğavelaşvili Vo Thi An Suanı vitse-prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib və qeyd edib ki, onun səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır. Prezident Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Vyetnam tərəfinə təşəkkürünü bildirib.

Gürcü tərəfi Vyetnamda Gürcüstan səfirliyinin açılması perspektivini müsbət qiymətləndirib və gələcəkdə Gürcüstanda da Vyetnamın rezident səfirliyinin açılacağına ümidvar olduğunu bildirib.

Tərəflər Gürcüstanın tranzit və logistika imkanlarını, Orta Dəhlizin inkişafı perspektivlərini və ölkənin Avropa ilə Asiyanı birləşdirən marşrutlardakı rolunu müzakirə ediblər.

Birbaşa hava əlaqəsinin inkişafı perspektivinə toxunulub. Tərəflər müvafiq razılaşmanın turizmin, biznes əlaqələrinin və xalqlararası münasibətlərin dərinləşməsinə kömək edəcəyini qeyd ediblər.

İnnovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, süni intellekt, elm və tədqiqat əməkdaşlığın mühüm istiqamətləri kimi müəyyən edilib. Həmçinin universitetlər arasında birbaşa əlaqələrin və akademik əməkdaşlığın inkişafına diqqət ayrılıb” – məlumatda deyilir.

Oxşar