Mixeil Ğavelaşvili və Aleksandr Vuçiç həyat yoldaşları ilə birlikdə Kaxetiyə səfər ediblər
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili və birinci xanım Tamar Baqrationi, Serbiya Prezidenti Aleksandr Vuçiç və həyat yoldaşı Tamara Vuçiç ilə birlikdə Kaxeti bölgəsinə səfər ediblər. Bu haqda məlumatı Prezident Administrasiyası yayır.
Administrasiyanın məlumatında prezidentlərin həyat yoldaşları ilə birlikdə Alaverdi Müqəddəs Qiorqi kafedral məbədini və monastır kompleksini ziyarət etdikləri deyilir.
Rəsmi şəxslərə Alaverdinin mitropoliti Abba Davit Maxaradze bələdçilik edib.
“Gürcüstan və Serbiya dost xalqları arasında mövcud olan ümumi mənəvi və mədəni dəyərləri nəzərə alaraq, bu çox mühüm pravoslav ziyarətgahının birgə ziyarət edilməsi xüsusi rəmzi məna daşıyırdı.
Prezidentlər həmçinin “Badagoni” şərab zavoduna baş çəkiblər və şirkətin təsisçisi Qiorqi Salağaia onları gürcü şərabçılığının ən qədim ənənələri və müasir texnologiyaları ilə tanış edib. Qonaqpərvərlik və möhkəm dostluq nişanəsi olaraq, müəssisədə Prezident Aleksandr Vuçiçin adına rəmzi şərab çəlləyi təntənəli şəkildə yerləşdirilib.
Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfəri Gürcüstan-Serbiya tərəfdaşlığının dərinləşməsi və xalqlarımız arasında çoxtərəfli əlaqələrin möhkəmlənməsi yolunda daha bir mühüm addımdır” – Prezident Administrasiyasının yaydığı məlumatda deyilir.