Mixeil Ğavelaşvili Türkiyə Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüş keçirib
Mixeil Ğavelaşvili Türkiyə Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüş keçirib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Türkiyə Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüş keçirib. Bu barədə məlumatı prezident administrasiyası yayır.

Administrasiyanın məlumatına əsasən, tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında mövcud strateji tərəfdaşlığı və sıx ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

“Cənubi Qafqazda cari proseslərə, regionda sabitliyin və sülhün dəstəklənməsi işində Gürcüstan və Türkiyənin roluna diqqət yetirilib.

Həmçinin, görüşdə strateji əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələləri müzakirə olunub, o cümlədən Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulub. Xüsusilə, iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadə və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Mixeil Ğavelaşvili Türkiyə tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə təşəkkür edib” – prezident administrasiyası tərəfindən yayılmış məlumatda deyilir.

Bununla yanaşı, Mixeil Ğavelaşvili görüş haqqında sosial şəbəkədə də yazır.