Mixeil Ğavelaşvili müsəlman icmasını Qurban Bayramı münasibətilə təbrik edib
Mixeil Ğavelaşvili müsəlman icmasını Qurban Bayramı münasibətilə təbrik edib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili müsəlman icmasını Qurban Bayramı münasibətilə təbrik edib. Mixeil Ğavelaşvili bayram ilə əlaqədar Tbilisi məscidində olub.

Gürcüstan Prezidenti məscidə toplaşan ictimaiyyət qarşısında çıxış edib və bayramın əhəmiyyətindən danışıb.

“Vətənimiz Gürcüstan əsrlər boyu müxtəlif dinlərə mənsub insanların ölkəmizdə həmişə birlikdə yaşaması ilə fəxr edir. Mən şəxsən görüşlərimdə hər zaman qeyd edirəm ki, Gürcüstan müxtəlif dini etiqadların nümayəndələrinin bu cür birgə yaşadığı, bir-birinə qarşı belə səmimi və mehriban olduğu, əsrlərdir bir-birinin yanında duraraq bir-biri üçün yaşadıqları unikal ölkələrdən biridir” — Mixeil Ğavelaşvili bildirib.

Mixeil Ğavelaşvili çıxışında, Bütün Gürcüstanın Katolikos-Patriarxı, Zati-müqəddəsləri İkinci İlianın vəfatı zamanı göstərdikləri həmrəyliyə görə müsəlman vətəndaşlara bir daha təşəkkür edib.

“Bu yaxınlarda Bütün Gürcüstanın Katolikos-Patriarxı, Zati-müqəddəsləri İkinci İlianın vəfat etdiyi günləri xatırlamaya bilmərəm, çünki məhz həmin vaxt müsəlman icmasının böyük bayramı – Novruz Bayramı idi. Müsəlman həmvətənlərimizin həmin vaxt göstərdikləri o anlayış və hörmət – bayramı qeyd etməyib yalnız dua etməklə kifayətlənmələri əsrlərlə yaddaşlarda qalacaq. Hər birinizə təşəkkür edirəm. Bugünkü gün münasibətilə sizi bir daha təbrik edirəm, ailələrinizdə bərəkət, xeyirxahlıq və sevgi olsun” — Gürcüstan Prezidenti bildirib.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşağmadze, Qərbi Gürcüstan müftisi Adam Şantadze, Şərqi Gürcüstan müftisi Etibar Eminov və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev məscidə toplaşan ictimaiyyəti Qurban Bayramı münasibətilə təbrik ediblər. Diplomatik korpusun nümayəndələri də məsciddə olublar.

Məlumatı Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti yayıb.