Mixeil Ğavelaşvili Milli Ətraf Mühit Agentliyinin Geologiya Departamentinin rəhbəri Merab Qaprindaşvilini “Şərəf” medalı ilə təltif edib
Mixeil Ğavelaşvili Milli Ətraf Mühit Agentliyinin Geologiya Departamentinin rəhbəri Merab Qaprindaşvilini “Şərəf” medalı ilə təltif edib

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin publik hüquqi şəxs Milli Ətraf Mühit Agentliyinin Geologiya Departamentinin rəhbəri Merab Qaprindaşvilini “Şərəf” medalı ilə təltif edib.

Gürcüstanın dövlət mükafatı Gürcüstan dövlətinin quruculuğuna verdiyi müstəsna töhfə və layiqli xidmətə görə Merab Qaprindaşviliyə təqdim edilib.

Gürcüstan Prezidenti Merab Qaprindaşviliyə uzun illər fəaliyyətinə görə təşəkkür edib və uğur arzulayıb.

Uzunillik əsas fəaliyyəti ilə paralel olaraq, Merab Qaprindaşvili menecer və rəhbər kimi 20-ə qədər yerli və beynəlxalq layihədə iştirak edib. O, Gürcüstanın bütün ərazisini əhatə edən yüzlərlə mühəndis-geoloji və mühəndis-geodinamik rəy və hesabat tərtib edib. Onun rəhbərliyi ilə dövlət hidrogeoloji monitorinqi və dövlət geoloji xəritələrinin tərtib edilməsi, eləcə də ölkə üçün ən vacib digər geoloji istiqamətlər bərpa edilib və müasir texnologiyalardan istifadə etməklə təbii geoloji proseslərin monitorinqinə başlanılıb. Merab Qaprindaşvili milli, eləcə də yüksək reytinqli beynəlxalq nəşrlərdə 60-a qədər elmi məqalə və monoqrafiya dərc edib.

Prezident Sarayında keçirilən tədbirdə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, Milli Ətraf Mühit Agentliyinin rəhbəri Elene Ğubianuri və Merab Qaprindaşvilinin ailə üzvü iştirak edib.