Mixeil Ğavelaşvili – Hörmətli veteranlar, sizin sədaqətiniz, fədakar xidmətiniz ali vətənpərvərliyin təzahürüdür, siz gələcək nəsillərin tərbiyə olunmalı olduğu örnəksiniz

11:58, 17.10.2026

 

Sizi 17 Oktyabr, bütün Gürcüstanın xüsusi ehtiram, qürur və dərin minnətdarlıqla qeyd etdiyi Veteranlar Günü münasibətilə təbrik edirəm. Bu öz qanı, fədakarlığı və əyilməz ruhu ilə ölkəmizin müasir tarixini yazan insanların qarşısında bütün millətin yekdilliklə baş əydiyi bir gündür – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Veteranlar Günü tədbirində çıxışı əsnasında bildirib.

Ğavelaşvilinin qeyd etdiyi kimi, milli yaddaşımızda Gürcüstanın müstəqilliyi uğrunda ən dəyərli şeylərini – öz canlarını fəda etmiş qəhrəmanlar fəxri yer tuturlar.

“Gürcüstan qəhrəmanların vətənidir. Fırtınalarla dolu çoxəsrlik salnaməmiz bunun təkzibedilməz sübutudur. Bu, burada olan hər birinizin canlı, ləyaqətli və ayrılmaz hissəsi olduğunuz bir tarixdir. Milli yaddaşımızda Gürcüstanın müstəqilliyi uğrunda ən dəyərli şeylərini – öz canlarını fəda etmiş qəhrəmanlar əbədiləşdirilib və fəxri yer tuturlar. Onların xatirəsinə şərəf və şan olsun, məhz onların fədakarlığı dövlətçiliyimizə həyat verib. Hörmətli veteranlar, sizin sədaqətiniz, cəsarət və vətən qarşısında fədakar xidmətiniz ali vətənpərvərliyin təzahürüdür. Siz gələcək nəsillərin tərbiyə olunmalı olduğu örnəksiniz. Millət və ölkə qarşısındakı əməyiniz əvəzsizdir” – Ğavelaşvili qeyd edib.

O bildirib ki, “veteranlara qayğı göstərmək, ləyaqətinizi, sağlamlığınızı və rifahınızı təmin etmək dövlətimizin və cəmiyyətimizin mənəvi borcu və sarsılmaz prioritetidir”.

“Hər birinizin dövlətdən gündəlik olaraq layiq olduğunuz ehtiramı, dəstəyi və minnətdarlığı hiss etməyiniz hakimiyyətin öhdəliyidir. Bu gün dünyada xüsusilə çətin və qeyri-sabit dövr olduğu, qlobal təhlükəsizlik çağırışlarının, müharibələrin və münaqişələrin bir sıra qitədə tüğyan etdiyi bir vaxtda sülhün və azadlığın həqiqi dəyərini ən yaxşı məhz siz anlayırsınız. Sizin təcrübəniz bizə öyrədir ki, sülh öz-özlüyündə mövcud olan bir reallıq deyil. O, daimi ayıqlıq, möhkəmlik, güclü dövlət və millətin birliyini tələb edir. Bizim milli ruhumuz məhz tarixi yaddaşa və nəsillər arası qırılmaz əlaqəyə söykənir. Dərindən inanıram ki, öz qəhrəmanlarını xatırlayan, onların xidmətlərini dəyərləndirən və irsini qoruyan ölkənin möhkəm bünövrəsi və işıqlı gələcəyi var. Sizi bir daha Veteranlar Günü münasibətilə təbrik edir və vətənimiz qarşısında göstərdiyiniz fədakarlıq və sədaqətə görə təşəkkür edirəm. Tanrı Gürcüstanı qorusun” – Ğavelaşvili bəyan edib.

Oxşar