Mixeil Ğavelaşvili - Həmvətənlərimizin fədakarlığı ilə qorunub saxlanmış ana dilimizi qorumaq, əcdadlarımızın qoyub getdiyi irsin qorunmasının qayğısına qalmaq və bununla dövlətçiliyi möhkəmləndirmək hər birimizin məsuliyyətidir
Tam 47 il əvvəl, Rustaveli prospektinə toplaşan minlərlə insan öz həyatını riskə atmaq bahasına gürcü dilini qorudu – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili sosial şəbəkədə yazır.
“Gürcü dili əcdadlarımızın uzun əsrlər boyu fədakarlıqla qoruduğu və diqqət yetirdiyi xalqımızın özünəməxsusluğunun, kimliyinin və dövlətçiliyin ən əsas sütunlarından biridir.
1978-ci ilin 14 Aprel hadisələri də məhz bunun bariz nümunəsidir. Tam 47 il əvvəl, Rustaveli prospektinə toplaşan minlərlə insan öz həyatını riskə atmaq bahasına gürcü dilini qorudu – bu, gənclərin Sovet İttifaqı rəhbərliyinin qərarına qarşı çıxdığı və gürcü dilinin dövlət dili statusunun ləğv edilməsinə icazə vermədiyi əlamətdar tarixi hadisə idi.
Milli maraqların keşiyində duran gürcü xalqının bu qələbəsi təkcə gürcü dilinin konstitusiya statusunu qorumaqla qalmadı, həm də milli hərəkatın yüksəlişinə də böyük təkan verdi. Biz bu bənzərsiz vətəndaş qəhrəmanlığının bütün iştirakçılarına minnətdarlığımızı bildiririk.
Həmvətənlərimizin fədakarlığı ilə qorunub saxlanmış ana dilimizi qorumaq bu gün hər birimizin məsuliyyətidir.
Əcdadlarımızın qoyub getdiyi irsin qorunmasının qayğısına birgə səylərlə qalmaq və bununla dövlətçiliyi möhkəmləndirmək hər birimizin borcudur” – Mixeil Ğavelaşvili yazır.