Mixeil Ğavelaşvili - Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və gələcəkdə də birlikdə olacaqlar
Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir, bu da Gürcüstan və Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətlərini vurğulayır. Bu vəzifəni tutduqdan sonra tezliklə Azərbaycana bu səfərin baş tutması mənim üçün vacib idi – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
Ğavelaşvili bildirib ki, Gürcüstan və Azərbaycanı bənzərsiz dostluq birləşdirir, bu isə gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm təməl yaradır.
“Şadam ki, cənab Əliyevlə artıq görüşmək imkanı əldə etmişəm – biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük. Xalqlarımız arasında əsrlər boyu bənzərsiz dostluq formalaşıb, bu isə gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm təməl yaradır. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarını nəzərə almağa əsaslanır. Münasibətlərdə etimadın nə qədər vacib olduğunu yaxşı başa düşürük və sözün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Məhz buna görədir ki, gürcü –Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir” – Ğavelaşvili bildirib.
Mixeil Ğavelaşvilinin bəyanatına əsasən, Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir.
“Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü məhz bu fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və gələcəkdə də birlikdə olacaqlar.
Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da güclənəcək və Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran çağırışların səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir. Vurğulamaq istərdim ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin güclü tərəfdarı olub” – prezident bildirib.