Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa açıq məktubla müraciət edir. Mixeil Ğavelaşvilinin məktubunu dəyişiklik etmədən təqdim edirik:
“Amerika Birləşmiş Ştatlarının Prezidentinə, Zati-aliləri cənab Donald Trampa. İlk növbədə, Amerika xalqı tərəfindən seçilmiş liderə, sizə dərin ehtiramımı bir daha təsdiqləmək istərdim. Bir daha ümid edirəm ki, prezidentliyiniz Amerika Birləşmiş Ştatlarını gücləndirəcək və Amerika xalqına daha çox rifah gətirəcək, eləcə də bütün dünyaya daha çox sülh, əmin-amanlıq və rifah bəxş edəcək.
Gürcüstan hökumətinin liderlərinin dəfələrlə açıq şəkildə bəyan etdikləri kimi, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin yenidən başlaması və iki ölkə arasında strateji tərəfdaşlığın təmiz səhifədən yenilənməsi Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Xatırladaq ki, qeyd olunan strateji tərəfdaşlığı prezident Baydenin administrasiyası siz Amerika Birləşmiş Ştatlarının Prezidenti seçildikdən sonra, inauqurasiyanıza bir neçə həftə qalmış onun bir sıra suveren dövlətlərə qarşı yürütdüyü ədalətsiz, kobud və aqressiv siyasəti çərçivəsində ləğv etdi.
Bu fonda, bir daha təəssüflə qeyd edilməlidir ki, administrasiyanız Gürcüstana müvafiq diqqət göstərmir, bu da hökumətlər arasında dəyərlər baxımından tam uyğunluq fonunda, gürcü cəmiyyətində təəccüb doğurur. Administrasiyanızın bu gün diqqət yetirdiyi məsələlər haqqında Gürcüstanın hakim komandası illər əvvəl danışırdı. Lakin, eyni dünyagörüşünə baxmayaraq, nə qədər təəccüblü olsa da, Gürcüstana qarşı təəssüf ki, administrasiyanızın əvəzinə hələ də USAID, NED və digər bənzər təşkilatların vasitəsilə formalaşmış ənənəvi, kobud metodlardan istifadə edərək Gürcüstanda yenidən destabilizasiya yaratmağa və sülhü pozmağa çalışan “Dərin dövlət” aktivdir. Xoşbəxtlikdən, “Dərin dövlət”ə qarşı mübarizədə gürcü xalqı heç vaxt olmadığı qədər birlik içərisindədir, bunu da həmvətənlərimiz ötən dörd il ərzində dəfələrlə sübut ediblər. “Dərin dövlət” tərəfindən Gürcüstanda təşkil edilmiş dörd inqilab cəhdinin qarşısı, ilk növbədə, məhz gürcü xalqının müdrikliyi, təcrübəsi və prinsipiallığı sayəsində alınıb.
Qeyd olunmalıdır ki, prezidentliyinizin bir neçə ayı ərzində Gürcüstanın istisnasız bütün qonşu ölkələri ilə sıx əlaqələr qurmusunuz – Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla töhfə vermisiniz, Türkiyə hakimiyyəti ilə fəal əməkdaşlıq edirsiniz, hətta Vladimer Putinlə də tərəfdaşlığı bərpa etmisiniz. Lakin, bu fonda, administrasiyanız Gürcüstan haqqında heç nə demir, bu da artıq qeyd etdiyim kimi gürcü cəmiyyətində təəccüb doğurur.
Deyirlər ki, ötən bir neçə ay ərzində dünyanın yarısını dəyişmisiniz. Lakin təbii olaraq, hər kəs hadisələrə öz baxış bucağından baxır və nəzərə alsaq ki, administrasiyanız ölkəmizə qarşı məntiqli diqqət göstərmir, gürcü xalqında passivliyiniz bölgədə sülhün möhkəmləndirilməsi baxımından administrasiyanızın hərəkətlərinin nə dərəcədə azad və səmimi olması ilə bağlı şübhə və suallar doğurur. Gürcü cəmiyyəti Gürcüstanda müharibəyə və xaosa fokuslanmış “Dərin dövlət”in hökmranlığından narahatdır, buna da təəssüf ki, administrasiyanız passiv şəkildə müşahidəçi qalır.
Ümid edirəm ki, administrasiyanızın Gürcüstana münasibəti dəyişəcək. Gürcü xalqının düşüncəsində Amerika Birləşmiş Ştatlarının “Dərin dövlət”lə deyil, güclü Amerika prezidenti ilə, sülhün pozulması və daima qeyri-sabitlik cəhdləri ilə deyil, sülh və sabitliklə, gender və LGBT təbliğatı ilə deyil, ənənəvi dəyərlərə hörmətlə assosiasiya olunması vacibdir.
Şəxsən mən, Gürcüstanın Prezidenti olaraq, Gürcüstan hökumətinin qarşıya qoyduğu hədəfin reallaşmasına, Gürcüstanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpasına maksimal şəkildə kömək etmək üçün hazıram. Bu məqsədə nail olmağın əsas şərti isə, gürcü dövlətinə və gürcü xalqına qarşı administrasiyanızın ədalətli və anlayışlı münasibətinin formalaşmasıdır” – açıq məktubda qeyd olunub.