Mixeil Ğavelaşvili - Beynəlxalq arenada gürcü diplomatların səsi ucadan eşidilməlidir ki, Gürcüstan heç vaxt demokratik və əmin-amanlıq içində olan dövlətdə yaşamaq seçimini güzəştə getməyəcək
Mixeil Ğavelaşvili - Beynəlxalq arenada gürcü diplomatların səsi ucadan eşidilməlidir ki, Gürcüstan heç vaxt demokratik və əmin-amanlıq içində olan dövlətdə yaşamaq seçimini güzəştə getməyəcək

 

Bu gün beynəlxalq arenada gürcü diplomatların səsi ucadan eşidilməlidir ki, Gürcüstan heç vaxt suverenliyini və azad, demokratik və əmin-amanlıq içində olan dövlətdə yaşamaq seçimini güzəştə getməyəcək – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Diplomat Gününə həsr olunmuş tədbirdə çıxışı əsnasında deyib.

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin bəyanatına əsasən, beynəlxalq arenada ölkənin milli maraqlarının qorunmasında diplomatların rolu xüsusilə böyükdür.

“Bu gün xüsusi rəmzi məna daşıyır, çünki böyük gürcü yazıçısı, ictimai xadim və diplomat – Sulxan-Saba Orbelianinin adı ilə bağlıdır. 2020-ci ildən etibarən Diplomat Günü ilə əlaqədar ölkəmiz və xalqımız qarşısında xüsusi töhfəsi olan görkəmli diplomatlara məhz Sulxan-Saba Orbeliani adına idarə mükafatı verilməsi artıq ənənə halını alıb, bu isə həqiqətən təqdir edilməlidir. Bugünkü tədbirin Birinci Demokratik Respublikanın xarici işlər naziri, Fransadakı fövqəladə və səlahiyyətli səfir Akaki Çxenkelinin xatirəsinə həsr olunması da rəmzidir və bu il ilk dəfə olaraq gürcü diplomatlara Akaki Çxenkeli adına idarə mükafatı veriləcək. Bu gün, qlobal olaraq, dövlətlər arasında münasibətlərin getdikcə daha da gərginləşdiyi bir vaxtda, beynəlxalq arenada milli maraqlarımızın qorunmasında sizin, diplomatların rolu xüsusilə böyükdür. Dövlət maraqlarını qoruyan güclü diplomatlar korpusu güclü dövlətin əsas təminatlarından biridir” – Mixeil Ğavelaşvili bildirib.

Gürcüstan Prezidentinin çıxışında qeyd etdiyi kimi, diplomatların fəaliyyəti müxtəlif ölkələrlə Gürcüstanın iqtisadi və ya mədəni əlaqələrinin formalaşması və möhkəmləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

“Beynəlxalq arenada ölkəmizin mövqeyini qoruyan və gücləndirən, kiçik, lakin böyük tarixə, mədəniyyətə və ənənələrə sahib, ləyaqətli millət olduğumuzu hamıya sübut edən məhz sizsiniz. Bugünkü mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq, hər bir gürcü üçün peşəkarlığınız və vətənə olan şərtsiz sədaqətiniz xüsusilə vacibdir. Ölkəmizin suverenliyinin qorunması və sülhün qorunub saxlanması işində rolunuz böyükdür. Həmçinin, fəaliyyətiniz müxtəlif ölkələrlə Gürcüstanın iqtisadi və ya mədəni əlaqələrinin formalaşması və möhkəmləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır” – Mixeil Ğavelaşvili bildirib.

Gürcüstan Prezidentinin bəyanatına əsasən, məsuliyyətlə birlikdə, xalqına, dövlətinə xidmət etmək və ölkənin ən yaxşı maraqlarını qorumaq böyük şərəfdir.

“Qürur duyuram ki, müxtəlif ölkələrdə Gürcüstanı məhz sizin kimi peşəkarlar təmsil edirlər. Bu gün beynəlxalq arenada gürcü diplomatların səsi ucadan eşidilməlidir ki, Gürcüstan heç vaxt suverenliyini və azad, demokratik və əmin-amanlıq içində olan dövlətdə yaşamaq seçimini güzəştə getməyəcək. Bu missiya məhz sizə həvalə edilib və inanıram ki, peşəkar standartlara sədaqətlə, vəzifənizi alnıaçıq şəkildə yerinə yetirəcəksiniz.

Sonda Sulxan-Saba Orbeliani və Akaki Çxenkeli adına idarə mükafatlarının laureatlarını xüsusi hörmətlə təbrik etmək istəyirəm. Bütün diplomatları isə bir daha peşə günü münasibətilə təbrik edirəm və məsuliyyətli işinizdə uğur arzulayıram” – Mixeil Ğavelaşvili çıxışında qeyd edib.

Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze, icraedici və qanunvericilik hakimiyyətinin üzvləri, Patriarxlığın və diplomatik korpusun nümayəndələri və dəvət olunmuş qonaqlar iştirak ediblər.