Mixeil Ğavelaşvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb
Mixeil Ğavelaşvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb. Bu barədə məlumatı prezident administrasiyası yayır.

Administrasiyanın məlumatına əsasən, tərəflər Gürcüstan və ATƏT arasında mövcud əməkdaşlıq və onun dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

“Görüşdə Cənubi Qafqaz bölgəsində mövcud vəziyyətə və Gürcüstanın qarşısında duran çağırışlara toxunulub. Prezident Gürcüstanın işğal olunmuş ərazilərində mövcud vəziyyətə və qeyd olunan məsələnin ATƏT-in gündəliyində yüksək səviyyədə qorunub saxlanmasının əhəmiyyətinə diqqət yetirib. Mixeil Ğavelaşvili münaqişənin sülh yolu ilə həlli prosesində ATƏT-in rolunu vurğulayıb. ATƏT-in baş katibi ilə görüş zamanı Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Prezident Gürcüstanın bu prosesə öz töhfəsini verməyə gələcəkdə də davam edəcəyini qeyd edib.

Mixeil Ğavelaşvili ATƏT-in baş katibinə Gürcüstana səfərinə və əməkdaşlığa görə təşəkkür edib. Görüşdə Gürcüstan Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandre Maisuradze və prezidentin müşaviri Luka Exvaia iştirak edirdilər” – prezident administrasiyası tərəfindən yayılmış məlumatda deyilir.