Mixail Podolyak deyir ki, Ukrayna Rusiyadan danışıqlar üçün təkliflər alıb və onları öyrənməyə başlayıb
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak danışıqlar üçün Moskvadan təkliflər aldıqlarını və onları öyrənməyə başladıqlarını təsdiqləyib. Bu barədə “BBC” məlumat yayıb.
“Ukrayna İstanbul raundu çərçivəsində tərtib edilmiş qərarlar üçün öz təkliflərini rəqiblərinə təqdim edib. O cümlədən, ölkəmizə qarşı təcavüzün qarşısının alınması üçün təhlükəsizlik zəmanətləri. Rusiya tərəfi təklifləri öyrənib və öz əks mövqelərini bildirib. İndi bizim növbəmiz öyrənmək, müqayisə etmək, nəticə çıxarmaqdır, o cümlədən siyasi-hüquqi xarakterli”, – Podolyak deyib.
Kreml bu gün bəyan edib ki, danışıqlar prosesi çərçivəsində Ukrayna tərəfinə aydın mətnli sənəd layihəsi verilib və hazırda ukraynalılardan cavab gözləyir. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukrayna tərəfinin işinin dinamikası qənaətbəxş deyil. O bildirib ki, ukraynalılar danışıqlar prosesini aktivləşdirməyə o qədər də meyl göstərmirlər və bu, danışıqların effektivliyinə mənfi təsir göstərəcək.